«Hakimiyyətdaxili savaş qızışır»

Prezident Sarayı

«Azadlıq» qəzeti:

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadəyə siyasətlə məşğul olmağı qadağan ediblər.

Bu barədə «Azadlıq» qəzeti etibarlı mənbədən məlumat alıb. M.Əlizadəyə qarşı bu cür münasibətin kökündə isə təbii ki, DADP-ni ikinci iqtidar partiyasına çevirmək məsələsi dayanır.

«Azadlıq» ötən saylarında yazırdı ki, hakimiyyətdəki qruplardan biri DADP-nin bazasında yeni iqtidar partiyası yaratmaqla prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan YAP-ı sıradan çıxarmağa çalışır. Bununla hakim ailəyə mənsub həmin qrup həm də R.Mehdiyevin təsir imkanlarını minimuma endirməyə çalışır. Elə bu səbəbdəndir ki, ikinci iqtidar partiyasının yaradılması məsələsi gündəmə gələndə, R.Mehdiyevin tapşırığı ilə YAP funksionerləri DADP və onun sədri M.Əlizadəyə qarşı hücuma keçmişdilər. Doğrudur, M.Əlizadə yayılan məlumatları təkzib edirdi. Amma bir müddət sonra DADP sədri dolayısı ilə rəhbərlik etdiyi təşkilatın bazasında ikinci iqtidar partiyasının yaradılmasını təsdiq etdi.

Bundan sonra isə M.Əlizadəyə qarşı təzyiqlər daha da artdı. Əvvəlcə DADP iqtidaryönlü partiyaların təmsil olunduğu Məşvərət Məclisinin rəhbərliyindən uzaqlaşdırıldı. Bir qədər sonra isə ümumiyyətlə, bu qurumdan çıxarıldı və siyasi proseslərdən təcrid edilməyə başlandı. DADP-nin qurultayında təxribat törədildi, M.Əlizadə İlham Əliyevin andiçmə mərasiminə buraxılmadı və s.

«Dünən isə əldə etdiyimiz məlumata görə, M.Əlizadəyə ümumiyyətlə, bundan sonra siyasi proseslərə qatılmaq qadağan olunub. Hətta onun referendumla bağlı təşviqat qrupu yaratmasına imkan verilməyib. Bununla da R.Mehdiyev faktiki olaraq onu «vurmaq» istəyən rəqiblərinə daha bir zərbə endirib».


«Bizim Yol» qəzeti:

Ötən ilin idxal-ixrac əməliyyatları ilə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, 11 ayda xarici ticarət dövriyyəsinin həcmi 53 milyard 472 milyon manat olub. Bunun da 46 milyard 976 milyon dolları ixracın, 6 milyard 496 milyon dolları isə idxalın payına düşüb.

Lakin ən fəlakətlisi ixracatda neft sektorunun xüsusi çəkisinin 97 faizə çatmasıdır. Qeyri-neft sektoru isə ixracatda cəmi 3 faizlik payla təmsil olunub... İxracatda aqrar sektorun çəkisi cəmi 0.41 faizdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, «neft olmasa, Azərbaycanın xaricə yalnız 2 milyard dollara yaxın məhsul göndərmək imkanı olar... Bu zaman ümumi ticarət dövriyyəsi 53 milyard 472 milyon manat deyil, 7 milyard 905 milyon dollar ola bilər... Hökumət isə qeyri-neft sektorunun ümumi daxili məhsulda payının artırılması istiqamətində heç bir iş görmür».

İqtisadçı onu da əlavə edir ki, qeyri-neft sektorunun payının azalmasının səbəbi manatın məzənnəsinin süni sürətdə saxlanılmasıdır:

«Bu proses yeyinti məhsullarının ixrac qabiliyyətini aşağı salır. Bundan başqa, ancaq neft və neft məhsullarımız xarici bazarda rəqabətə davamlıdır. Digər sektor isə rəqabətə dözümsüzdür. Bunun da əsas səbəbi Ümumdünya Ticarət Təşkilatına üzvlüyümüzün və dünya iqtisadi təşkilatlarının təklifinə uyğun olaraq standartların tətbiqinin yubanmasıdır. Məsələn, Azərbaycan fındığı Avropada qadağan olunub. Çünki onların tələb etdiyi standartlara uyğun deyil»...

Kənd təsərrüfatı mütəxəssisi, aqronom-alim Vahid Məhərrəmov isə aqrar sektorun ixracatda payının ildən-ildə azalmasının səbəbini taxıl istehsalının artımı ilə əlaqələndirir:

«Bizdə daha çox məhsuldarlıq əldə olunması deyil, sahələri genişləndirməklə taxıl istehsalını artırmağa çalışırlar. Bu isə ötən il pambıq və tərəvəzin əkinini azaltdı. Manatın xarici valyutaya qarşı məzənnəsinin də möhkəmlənməsi ixracatın qarşısını alan amillərdən biridir. Çünki burada istehsal olunan məhsulun qiyməti elə yerindəcə bahalaşır. Sahibkarlar məhsullarını Rusiyada xarici valyuta ilə satdıqda, onu milli valyutaya çevirəndə uduzur»...


«Yeni Azərbaycan» qəzeti:

2008-ci il Bakı Metropoliteni üçün uğurlu olub.

Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

Ötən il Metropolitenin «Nəsimi» stansiyasının tikintisi tamamlanaraq şəhər sakinlərinin istifadəsinə verilib. «İçərişəhər» stansiyası isə əsaslı şəkildə yenidən qurulub. Bundan əlavə, Metropoliten 36 yeni vaqon alıb.

T.Əhmədov bildirib ki, Metropolitenin inkişaf strategiyasına uyğun olaraq, 2009-cu ildə də yeni stansiyaların inşası davam edəcək.

«Yeni stansiyaların yeri dəqiqləşib. Bu il «Əcəmi» stansiyasının yaxınlığında «Cavad Xan» keçid stansiyasının, «Azadlıq» stansiyasının davamı olaraq isə «Müşfiq» stansiyasının, yeni inşa olunan avtovağzal ərazisində «Avtovağzal» stansiyasının inşası üçün qazma-tikinti işlərinə başlanılacaq», - deyə Bakı Metropoliteninin rəisi T.Əhmədov qeyd edib.

Hazırda «Azadlıq» stansiyasının tikintisi davam edir və bu ilin sonuna kimi bu stansiyanın təhvil veriləcəyi gözlənilir.