Azərbaycandan Gürcüstana xam neft aparan qatar aşıb

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır

Bakıdan Batumiyə xam neft aparan qatar Hacıqabul rayonu ərazisində aşıb. Qəza fevralın 1-də saat 5.00 radələrində Hacıqabul dəmiryolu stansiyasının ərazisində baş verib.

«Azpetrol» şirkətinə məxsus 35 vaqondan ibarət qatarın 4 vaqonu relsdən çıxıb, 2 vaqon aşıb. Aşan vaqonların birindən ətrafa təxminən 4-5 ton xam neft axıb. Hazırda ətrafa dağılmış xam neft sorularaq, digər vaqonlara vurulur.

Hacıqabul dəmiryolu stansiyasının rəisi Rafiq Qafarov APA-nın yerli bürosuna bildirib ki, qəzanın nəticələri aradan qaldırılır, artıq 2 vaqon relsə qoyulub, qalan 2 vaqonun da qoyulması üçün lazımi tədbirlər görülür. Stansiya rəisi qəzanın baş verdiyi yolda hərəkətin dayandırıldığını, bununla belə, sərnişin, eləcə də yük qatarlarının ehtiyat yoldan istifadə etdiyini bildirib:
«Ərazidə qatarların hərəkəti dayanmayıb, qəzanın nəticələrinin aradan qaldırılacağı müddətdə ehtiyat yoldan istifadə olunacaq».

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.