Britaniyada boşanma epidemiyası yayılıb

Vəkillərin sözlərinə görə, xeyli kişi işsiz qalıb və nəticədə həyat yoldaşlarından ayrılırlar

Britaniyada boşanma epidemiya halını alıb, səbəb isə maliyyə böhranıdır. Vəkillər deyir ki, iqtisadi böhran başlayandan bəri kişilər boşanmağa üstünlük verirlər. Varlılar belə indi evliliyə başqa gözlə baxmalı olur, ailə həyatının onlara neçəyə başa gəldiyini görüb, boşanırlar.

Vəkillərin sözlərinə görə, xeyli kişi var ki, ya işsiz qalıb, ya da işsiz qalmaqdan qorxaraq xərclərini azaltmağa başlayıb və nəticədə həyat yoldaşlarından ayrılırlar. Digər tərəfdən bəzi boşananlar eyni evdə yaşamağa məcburdurlar, çünki maliyyə böhranı evi satmağa imkan vermir.

Boşanma üzrə mütəxəssislərdən biri - vəkil Vanessa Lyod Plat deyir ki, bu il onların ofisinə müraciət edənlərin sayı həddən artıq olub və çoxları boşanmalarına iqtisadi tənəzzülün səbəb olduğunu deyiblər. Vəkilin sözlərinə görə, yanvar və fevral ayları boşanmalar həmişə çox olur, amma indiki qədər heç vaxt olmayıb.
Bayramdan sonra bəzi kişilər hətta yoxa çıxıb, sonra evə gəlib boşanmaq istədiklərini deyiblər. Bəziləri işsiz qalıb, indi boşanmaq istəyir ki, az maaşa da qane ola bilsin. Vəkil boşanmanın epidemiya halını aldığını deyir. Onsuz da indi Britaniyada hər 4 uşaqdan birinin valideyni ayrılıb. Və böhran ayrılanların sayını ildırım sürəti ilə artıra bilər. Vəkil Vanessa Loyd Plat deyir ki, maliyyə böhranı camaatı həyata yenidən baxmağa məcbur edib. Adam nəyin vacib olduğunu yenidən müəyyən etməyə çalışır.

Britaniyada «boşanma həkimi» adlandırılan mütəxəssislərdən Fransin Kaye deyir ki, böhran ailələrə hərtərəfli təsir edir. Boşananlar da bəzən boşana bilmir, çünki əllərindəki mülkiyyəti sata bilmirlər. Fransin Kaye danışır ki, müştərilərindən biri Çelsidə 1 milyonluq evdə əriylə qalıb, ev satılmır deyə, ayrıla bilmirlər. Bir-birilərini görmək istəmədiklərindən məcbur olub, otaqları bölüşüblər, ümumi yerlərdən istifadə üçün vaxt ayırıblar. Mütəxəssis faktın dəhşətli olduğunu bildirir.

Psixoloq və həyat təlimatçısı Denis Sedar deyir ki, yeni ildən bəri müştərilərin sayı çoxalıb. Psixoloq 25 illik fəaliyyəti dövründə indiki qədər müştərisi olmadığını bildirir, deyir ki, Britaniyada böyük sosial dəyişiklik gedir. Camaat elə bil ayılıb, həyat tərzini dəyişməyə başlayıb. Elə qadın var ki, əri işdən çıxandan sonra anlayıb ki, onları birləşdirən yeganə şey ümumi həyat tərzi imiş.

Şotlandiyada isə boşanma turizmi müşahidə olunur, varlı kişilər boşananda Şotlandiyaya gedir, çünki orda şərtlər kişilərin xeyrinədir.