Baptist: «Evimdən tapılan silaha heç bir aidiyyətim yoxdur»

Bakıda, Sumqayıtda və Gəncədə Baptist dini icmaları qeydiyyatdan keçib

Xristian yönümlü Baptist dini icmasının rəhbəri Həmid Şabanovun yanvarın 4-də Zaqatala rayon Məhkəməsində keçiriləcək prosesi bir günlüyə təxirə salınıb.

H.Şabanovun vəkili Mehman Əliyevin sözlərinə görə, buna prokuror Vilayət Cəfərovun başqa rayonda olduğundan prosesə qatılmaması səbəb olub.

Həmid Şabanov ötən il iyunun 13-də həbs edilib. Rəsmi versiyaya görə, onun evindən odlu silah tapılıb. Beş ay həbsdə saxlandıqdan sonra məhkəmə 52 yaşlı pastorun həbsini ev dustaqlığına dəyişib.

Vəkil Mehman Əliyev «Azadlıq» radiosuna müsahibəsində silahı pastorun evinə polislərin qoyduğunu iddia edir:

- Tapılan silah 1895-ci ilin istehsalı olan naqan tipli revolver və 6 patrondur. Hesab edirəm ki, silahı pastorun evinə polis gətirib. Deyirəm, dediklərimlə bağlı tutarlı sübutlarım da var.

Pastor Həmid Şabanov da «Azadlıq» radiosuna deyir ki, evindən tapılan silah onun deyil. Həbs edilməsi isə yalnız dini fəaliyyəti ilə bağlıdır:

- Xristianam deyə, o silahı gətirib mənim evimə qoydular. Mən Allaha qulluq edirəm. Allahın sözü bütün dünyada silahdan güclüdür. Mənim evimdən tapılan silaha heç bir aidiyyətim yoxdur. O, mənim deyil, heç vaxt da mənim olmayıb.

Vəkil Mehman Əliyev isə deyir ki, işdə bütün şahidlər polislər, bir də icra strukturlarının nümayəndələridir.

Vəkilin sözlərinə görə, polislərin ifadələri ziddiyyətlidir. Şahid polislərdən biri silahı mətbəxdəki qazanın içində, digəri arxasında, başqası isə sadəcə mətbəxdə gördüyünü deyir. Ona görə də vəkil müdafiə etdiyi şəxsə bəraət istəyir. Bu, onun məhkəmədən tək tələbi deyil:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gündüz İsmayılov
- Polis işçiləri haqqında cinayət işi qaldırılsın, silahı qoyan tutulsun.

«Həmid Şabanovun məsələsi dini məsələ deyil. Onun haqqında qaldırılan cinayət işinin dini etiqad azadlığına heç bir bağlılığı yoxdur».

Bu sözləri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gündüz İsmayılov deyir. Onun sözlərinə görə, bu, baş vermiş cinayət olayına dini don geyindirmək cəhdindən başqa bir şey deyil:

- Bakıda, Sumqayıtda və Gəncədə Baptist dini icmaları qeydiyyatdan keçib. Onların fəaliyyətilə bağlı indiyə qədər heç bir problem yaranmayıb. Əliabaddakı sözügedən dini icma isə beynəlxalq qurumlara, Azərbaycandakı səfirliklərə müraciət edərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin onları qeydə almadığını iddia edir. Biz isə bildiririk ki, Əliabaddakı Baptist xristian dini icması qeydiyyatdan keçmək üçün heç vaxt Komitəyə müraciət etməyib.

Azərbaycan qanunlarına görə, əgər dini icmanın 10 üzvü varsa, onlar Ədliyyə Nazirliyinə müraciət edib dövlət qeydiyyatından keçə bilərlər. Ölkə qanunları həm də qeyri-ənənəvi dini icmaların yalnız hüquqi ünvanlarında fəaliyyət göstərməsini tələb edir.

Azərbaycan beynəlxalq qurumların hesabatlarında dini baxımdan tolerant dövlət kimi xarakterizə olunur.

Ancaq «Forum 18» adlı beynəlxalq təşkilatın bu yaxınlarda verdiyi bəyanatda bildirilir ki, Azərbaycan xristian baptistləri hətta sovetlər dönəmində istifadə etdikləri ibadət yerlərini ala bilmirlər.