Əli Babacan Elmar Məmmədyarovla görüşüb

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub

Fevralın 9-da Bakıya səfərə gələn Türkiyənin Xarici İşlər naziri Əli Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Məlumatı Azərbaycan XİN yayıb.

Xəbərdə deyilir ki, Məmmədyarov Türkiyənin «Qafqazda sabitlik və əməkdaşlıq platforması» təklifini yüksək qiymətləndirib. Diplomatlar platformanın region üçün vacibliyini və onun gələcəkdə reallaşması üçün müzakirələrin davam etdirilməsini vurğulayıblar.

Məmmədyarov Türkiyənin dünyanın müxtəlif regionlarında və xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvü kimi sülhpərvər səylərini yüksək qiymətləndirib.

Görüşdə Əli Babacan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib.

Fevralın 7-də isə Münhendə keçirilən beynəlxalq konfrans çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Əli Babacanla Edvard Nalbandyan Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması və Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.