Bəxtiyar Vahabzadə dəfn edildi

Xalq şairi Fəxri Xiyabanda torpağa tapşırılıb

Fevralın 14-də xalq şairi Bəxtiyar Vahabzadə Fəxri Xiyabanda torpağa tapşırıldı. Şairlə vida mərasimi onun bir vaxtlar dərs dediyi Bakı Dövlət Universitetində (BDU) keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, ziyalılar da iştirak edirdilər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Azərbaycan xalqına böyük itki üz verdiyini bildirdi:

«Bəxtiyar Vahabzadə poeziya nəhəngi olmaqla yanaşı, həm də böyük vətəndaş idi. O, Azərbaycan xalqının və dövlətinin müstəqillik yolunda həyatını, zehnini, qəlbini qoyan böyük insanlardan biri idi. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, onun adı bu müstəqilliklə yanaşı yaşayaq».

BDU-nun rektoru Abel Məhərrəmov şairin «Azadlıq» radiosuna müsahibəsini xatırlatdı:

«1990-cı il 20 Yanvar hadisələrində də «Azadlıq» radiosuna ilk danışan adam Bəxtiyar Vahabzadə olmuşdu. O dövrdə bu, böyük risk tələb edirdi. Çünki sovet qoşunları artıq Bakıda idi».

Xalq şairi Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. Cəmiyyət onu təkcə şair yox, həm də böyük ictimai xadim, xalq hərəkatının öndərlərindən biri kimi tanıyıb.

B. Vahabzadə 2009-cu il fevralın 13-də uzun sürən xəstəlikdən sonra vəfat edib.