Araşdırmanın 1-ci hissəsi
Təbiətin təcrid etdiyi bu kiçik torpaq həmişə avtoritar hakimlərin diqqətini cəlb edib, gözdən uzaq, könüldən iraq taleyilə minlərlə cinayətin dəfn olunduğu qəbiristanlıq adasına çevrilib...
Xəzərdə qəbiristanlıq və ya Nargin: kabus adası
Adada bizi itlər qarşıladı. Qayıqçımız danışır ki, burada hərbi hissə var, bir neçə əsgər yaşayır. Amma orada olduğumuz təqribən bir saat ərzində üzə çıxan olmadı.
.... Nargin adasına dumanda yaxınlaşanda elə təəssürat yaranır ki, bura yaşayış məntəqəsidir: uzaqdan iki-üç mərtəbəli binalar ağarır...
İçəriyə doğru getdikcə mənzərə aydınlaşır: ada dənizin ortasındakı şəhər qəbiristanlığıdır. Vaxtilə qırmızı olduğu zorla seçilən köhnə binalardan indi ancaq uçuq divarlar qalıb. 1 kv km-lik ərazidə yüzə yaxın tikilinin qalıqları Narginə vahiməli xarabalıq görkəmi verir. Hərbi şəhərciyin müdafiə divarları çox yerdə aşıb, daşlar qalaq-qalaq yığılıb.
Dağıdılmamış qalan bircə gəmilərə yol göstərən qədim mayakdır. İndi mayak günəş batareyası ilə işləyir. Əgər adada əyləncə mərkəzi yaratsalar, plana görə, bura gələnlər ancaq günəş, su, bir də küləyin istisinə qızınacaqlar. Dizaynerlər burada ənənəvi enerji mənbələrini nəzərdə tutmayıblar.
Qayalıqların dibində xeyli paslı böyük gəmi yığılıb. Qayıqçımız danışır ki, bura həm də gəmi qəbiristanlığı olub. Köhnə gəmiləri bura gətirirmişlər.
... Adada daldalanmağa bircə ağac gözə dəymir... Qayalığa qədər yovşanlıqdır. Dənizdən meh əsdikcə yovşan ətri bütün adaya yayılır...
Rəhim Qazıyev: «Elçibəyə dedim ki, Nargin Bakının sipəridir, onu icarəyə vermək olmaz»
Sovet İttifaqı dövründə Nargin hərbi hava qüvvələrindən müdafiə bazası olub, bura ittifaqın mühüm strateji nöqtəsi sayılıb.
1950-ci illərdə Nargində xidmət etmiş general-polkovnik Vladimr Dmitriev 2006-cı ildə www.aviaport.ru internet saytına müsahibəsində adanın hərbi əhəmiyyətindən danışır:
«1953-54-cü illərdə rəqib ölkələr tez-tez bizim hava sərhədimizi pozurdular. İrandan və Türkiyədən onlarla hava şarları buraxırdılar, bu şarların qarşısını almaq çətin idi. Biz o vaxt müdafiəni Nargində qurmuşduq».
80-ci illərin axırı, 90-cı illərin əvvəli Sovet ordusu Nargin adasından çıxır. Keçmiş müdafiə naziri Rəhim Qazıyev danışır ki, ordu silah-sursatı da özüylə aparır, adadakı hərbi şəhərciyi xaraba qoyurlar.
Rus hərbçilərinin nişanələri burada hələ də qalır. Üzərində rusca elanlar yazılmış lövhələr, zenit topları üçün çalalar, yeraltı hücrələr, əsgərlərdən qalma köhnə qaz plitələri, soyuducular, sınıq çarpayı və s.
Mütəxəssislər deyirlər ki, indi də Azərbaycan ərazisinin havadan müdafiəsi üçün Nargin adası vacib nöqtədir. Keçmiş müdafiə naziri Rəhim Qazıyev deyir ki, Narginin turizm şəhərciyinə çevriləcəyini eşidəndə dəhşətə gəlib:
«O vaxt belə bir təklif olmuşdu ki, Nargini turizm məqsədilə icarəyə verək. Prezident Əbülfəz Elçibəyə də bu barədə müraciət etmişdilər. Mən də Bakı buxtasının xəritəsini aparıb qoydum prezidentin qarşısına, dedim ki, bu ada Abşeronu, Bakını, Sumqayıtı qorumaq üçün çox mühüm strateji obyektdir. Beləcə, mənim dövrümdə Narginin başqa məqsədlə istifadəsinə imkan vermədim».
Rəhim Qazıyevdən sonra müdafiə naziri işləmiş Dadaş Rzayev də deyir ki, Nargin Bakının müdafiəsində vacib rolu var. Keçmiş nazir bildirir ki, onun vəzifə dövrü Qarabağ münaqişəsinin qızğın vaxtına təsadüf edirdi, ona görə də Nargini təzədən bərpa etmək yada düşmürdü.
Hərbi ekspert: «Müdafiə Nazirliyi başqa bir hərbi obyektini də «Azpetrol»a verib»
Doktrina – Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin sədri Cəsur Sümərinli deyir ki, Nargin adası Azərbaycanın Qərblə, NATO ilə əməkdaşlığı baxımından da faydalı olardı. Rusiya yüklərinin İrana daşınmasına nəzarət, bütövlükdə Xəzərə nəzarətin artırılması üçün Narginin mövqeyi əlverişlidir. Ekspert deyir ki, Nargin Xəzərdəki başqa adalardan fərqlənir, quruya daha yaxındır və böyükdür:
«Bakı təhlükəsizlik baxımından etibarlı yerdə deyil, dənizdədir. Mümkün hücumlardan qorunmaq üçün Nargin adası Bakı üçün sipər-müdafiəçi rolu oynaya bilərdi».
Başqa bir hərbi ekspert Üzeyir Cəfərov da deyir ki, bir neçə il qabaq İran təyyarələrinin Azərbaycanın hava sərhədini pozması da onu göstərdi ki, havadan müdafiəyə ehtiyac var.
Üzeyir Cəfərov deyir ki, Müdafiə Nazirliyinin öz hərbi obyektlərini özəl müəssisələrə verməsi halı əvvəllər də olub:
«Səngəçala çatmamış, şossenin yaxınlığında «Azpetrol» şirkətinin böyük bazası yerləşir. Həmin ərazi sovet vaxtı hərbi aerodrom idi. İndi həmin aerodromun böyük hissəsi «Azpetrol»un istifadəsindədir».
Narginin əsl sahibi prezidentin müşaviri Vahid Axundovdur?
1990-cı ildə rus qoşunları adadan çıxanda «Adalar» adında şirkət yaradıblar, həm donanmanın rəhbəri, həm də Bakının keçmiş icra başçısı Sənan Əlizadə ilə müqavilə bağlayıblar, Nargini 25 illiyinə icarəyə götürüblər. «Adalar»ın təsisçisi üç nəfərdir. Sənəddə prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Cümşüd oğlu Axundovun, indi daimi iş yeri olmayan Nazim Muradasilov və Kamal Amiraqovun adı yazılıb. Bu üç nəfər vaxtilə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunda bir yerdə işləyiblər. Nazim Muradasilov:
Nazim Muradasilov deyir ki, icarə müqavilələri 2014-cü ilə qədər qüvvədədir. Təsisçilər tələb edirlər ki, ada icarəyə verilirsə, onlarla da danışıq aparılmalıdır.
«Adalar»ın həmtəsisçisi Kamal Amiraqov danışır ki, onların proqnozlaşdırılan sərmayəsi 500 min dollar imiş. O vaxt bir türk mütəxəssis deyib ki, ada kurort üçün əlverişli deyil. Üç səbəbə görə. Birincisi, külək çox sərtdir, ikincisi burada ağac əkmək mümkün deyil, çünki qayalıqdır. Üçüncüsü, Bakı limanından böyük gəmilər üçün Xəzərə yeganə çıxış yolu Nargin adasının şimal-qərbində, dənizində açılmış böyük çalovdur:
«Ada boyunca, dənizin içində böyük çalov qazıblar. Mütəxəssis bizə dedi ki, neft gəmilərindən biri aşsa, bu adaya istirahət üçün daha heç kim gəlməyəcək».
1920-ci ildə Nargindən sağ qayıdan əsgərin dediklərindən...
Amma «Adalar»ın təsisçilərini Narginə aparan başqa bir səbəb də var imiş. Nargindəki əsir düşərgəsi ilə bağlı xatirələr. Nazim Muradasilovun nənəsi Abbasquluağa Bakıxanovun nəvəsi Zinyət xanım danışarmış ki, onun babası Məmmədbəy Məmmədbəyovu - keçmiş çar polkovnikini Xalq Cümhiyyətinin tərəfinə keçdiyinə görə, rus qoşunları 1920-ci ildə Nargində güllələyiblər, Kamal Amiraqovun əmisi isə Nargindən sağ çıxan bəlkə də yeganə adam olub:
«Əmim Ağa Amiraqov neft milyonçusu Şəmsi Əsədullayevin ticarət müdiri idi. Onu Narginə əsir aparmışdılar. Əmim atamgilə danışıb ki, əsirləri bir-bir adbaad çağırıb güllələyirmişlər. Əmim huşunu itiribmiş, onu ölü sanıblar, sahilə atırlar. Balıqçılar əmimi tapırlar və quruya gətiriblər. Babam isə elə hey dənizin qırağında qardaşını axtarırmış və bir gün tapıb, əmim 23-cü ilə kimi yaşayıb, sonra xəstəlikdən rəhmətə gedib».
Həmsöhbətim Eldar Zərbəliyev inanır ki, babası Ağakişi Zərbəliyevi Nargində güllələyiblər. O, bu haqda məlumat almaq üçün 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyini məhkəməyə verib, amma sonra nazirliyin nümayəndəsi söz verəndən sonra ki, arxiv sənədlərini verəcəklər, iddiasını geri götürüb. Eldar Zərbəliyevə sənəd veriblər ki, babasını Xalq Cümhuriyyəti yıxılandan sonra Sovet hökumətinə qarşı silahlı dəstələrdə vuruşduğu üçün 1930-cu ildə güllələyiblər, amma təsdiqlənməyib ki, güllələnmə harada həyata keçirilib. Eldar Zərbəliyev Nargində turizm şəhərciyinin salınmasına etiraz edir:
«Şeyxə (Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə - Ü.Ə) müraciət etdim ki, dayandırsınlar bu işi. Orada bizim babalarımızın sümükləri var. İndiyə kimi bir qəbir də göstərə bilməyiblər ki, repressiya qurbanları burada dəfn olunub».
Azərbaycan tarixinin yeddi cildliyinə görə, Azərbaycanda həm 1920-ci ildə Cümhuriyyətdən sonrakı fəalları, həm də Stalin dövrü repressiya qurbanlarını Bakıya yaxın Nargin, Bulla adalarında güllələyiblər, ya da onları dənizə atıblar.
Tarix İnstitutunun direktoru deyir ki, Nargində arxeoloji qazıntı aparılmalıdır
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da deyir ki, indiyə kimi institut Nargin adasında əsaslı arxeoloji qazıntı aparmayıb:
«- Repressiya vaxtı Azərbaycanın çox görkəmli adamlarını orada güllələnməsi tarixi faktdır. Nargin adasında tarixi araşdırmalara böyük ehtiyac var. Zaman keçdikcə, Tarix İnstitutu bu işlə maraqlanacaq. Bizim planımızdadır.
- Nəyi sübut edə bilər bu araşdırma, artıq hər şey bəlli deyilmi?
- Sübut edə bilər ki, konkret öldürülənlər kimlərdir. Cəsədlərin qalıqlarını üzə çıxartmaq lazımdır. Şüşə altında muzey yaratmaq lazımdır ki, Sovet hökuməti bizim xalqımıza necə divan tutub».
Amma Tarix İnstitutunun direktoru Narginlə bağlı yeni planlardan bizdən xəbər tutur.
Nargin adasında sümükləri görən isə olub. Bu barədə Narginə tez-tez istirahət üçün gedib-gələn Bakı sakini Viktor Ozerov danışır:
«Bir də kiçik oğlum çubuğa kəllə keçirib gətirmişdi. Biz şokdaydıq. Sümükləri adi halda görmək olmur. Görün üstündən nə qədər vaxt keçib, amma yağış yağanda onlar üzə çıxırlar».
Viktor Ozerov deyir ki, sümüklər adanın şərq hissəsindədir. Ozerov adada şəhərciyin yaranmasına gəldikdə isə:
«Ruhlara ehtiram lazımdır. Buradakı sümükləri köçürmək lazımdır. Sümüklərin üstündə əylənmək olmaz. Tarixdən nəticə çıxarmaq lazımdır».
Keçmiş dağüstü parkda vaxtilə 1918-ci ilin 31 mart qırğını qurbanları dəfn olunmuşdu, sonra oradakı qəbirləri yerlə-yeksan edib, Kirovun heykəlini qoydular, sonra da tarixin çarxı elə fırlandı ki, bura yenə dönüb oldu Şəhidlər Xiyabanı.
Nargin adasına «duman» I Pyoturun gəlişiylə çökməyə başlayır. Bəzi mənbələrə görə, Pyotur o vaxtacan adı Böyük Zirə olan adanı Fin körfəzindəki Nayssar adasına bənzədir, ona «Nargin» deyir. 1915-ci ildə Şahzadə Oldenburqun təlimatıyla Nargin əsir düşərgəsinə çevrilir. Qafqaz Cəbhəsində sürgün düşən türkləri və almanları bura sürgün edirlər. 10 minə yaxın əsgər adada acından-susuzluqdan ölür. Birinci Dünya Müharibəsinin Ən qanlı döyüşlərindən olan Sarıqamış qurbanlarının xatirə dərnəyi - Türkiyədəki Sarıqamış Dayanışma Dərnəyinin sədri Bingür Sönməz «Azadlıq» Radiosuna deyir ki, adada turizm şəhərciyi tikiləcəksə, burada türk əsirləri üçün abidə qoymaq lazımdır.
Adanın bir ucu Milli Məclisə «dirənir…»
Müsavatçı deputat Pənah Hüseyn deyir ki, illər boyu gecikdirilən «Azad iqtisadi zonalar haqda qanun» layihəsinin parlamentdə indi müzakirəyə çıxarılması təsadüfi deyil. Deputat ehtimal edir ki, bu Nargin azad iqtisadi zona adı ala bilər. Bu isə hökumətin həm vergi, həm də gömrük sahəsində sahibkara güzəşti deməkdir.
Məsləhətləşdiyim ekspertlər istisna etmirlər ki, burada tikinti işləri başlasa, oradakı işin keyfiyyətinə, görülən işə nəzarət etmək çətin olacaq. Hər şeydən qabaq ona görə ki, ərazi dənizdədir, göz qabağında deyil. Nəzərə alsaq ki, hələ ortada heç nə yoxdur, amma hökumət mənbələri məlumatı bərk-bərk qucaqlayıb, buraxmırlar.
.... «Duman» yüz ildən çoxdur ki, Narginin üstündən çəkilmir. Təbiətin təcrid etdiyi bu kiçik torpaq həmişə avtoritar hakimlərin diqqətini cəlb edib, gözdən uzaq, könüldən iraq taleyilə minlərlə cinayətin dəfn olunduğu qəbiristanlıq adasına çevrilib...

«O vaxt hökumət dəyişən ərəfə idi, adanı icarəyə götürəndən sonra orada kurort zonası etmək üçün vəsait tapılmadı. Sonra hökumət dəyişdi, Qarabağ münaqişəsi qızışdı, biz layihəni kənara qoymalı olduq».

Bu sahədə tədqiqat aparan tarixçi Nargin adasında güllələnmə ilə bağlı məlumatları ancaq ağızdan eşidiblər.
Tarix İnstitutunun direktoru deyir ki, Nargində arxeoloji qazıntı aparılmalıdır
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da deyir ki, indiyə kimi institut Nargin adasında əsaslı arxeoloji qazıntı aparmayıb:
«- Repressiya vaxtı Azərbaycanın çox görkəmli adamlarını orada güllələnməsi tarixi faktdır. Nargin adasında tarixi araşdırmalara böyük ehtiyac var. Zaman keçdikcə, Tarix İnstitutu bu işlə maraqlanacaq. Bizim planımızdadır.
- Nəyi sübut edə bilər bu araşdırma, artıq hər şey bəlli deyilmi?
- Sübut edə bilər ki, konkret öldürülənlər kimlərdir. Cəsədlərin qalıqlarını üzə çıxartmaq lazımdır. Şüşə altında muzey yaratmaq lazımdır ki, Sovet hökuməti bizim xalqımıza necə divan tutub».
Amma Tarix İnstitutunun direktoru Narginlə bağlı yeni planlardan bizdən xəbər tutur.
Nargin adasında sümükləri görən isə olub. Bu barədə Narginə tez-tez istirahət üçün gedib-gələn Bakı sakini Viktor Ozerov danışır:
«Bir də kiçik oğlum çubuğa kəllə keçirib gətirmişdi. Biz şokdaydıq. Sümükləri adi halda görmək olmur. Görün üstündən nə qədər vaxt keçib, amma yağış yağanda onlar üzə çıxırlar».
Viktor Ozerov deyir ki, sümüklər adanın şərq hissəsindədir. Ozerov adada şəhərciyin yaranmasına gəldikdə isə:
«Ruhlara ehtiram lazımdır. Buradakı sümükləri köçürmək lazımdır. Sümüklərin üstündə əylənmək olmaz. Tarixdən nəticə çıxarmaq lazımdır».
Keçmiş dağüstü parkda vaxtilə 1918-ci ilin 31 mart qırğını qurbanları dəfn olunmuşdu, sonra oradakı qəbirləri yerlə-yeksan edib, Kirovun heykəlini qoydular, sonra da tarixin çarxı elə fırlandı ki, bura yenə dönüb oldu Şəhidlər Xiyabanı.
Nargin adasına «duman» I Pyoturun gəlişiylə çökməyə başlayır. Bəzi mənbələrə görə, Pyotur o vaxtacan adı Böyük Zirə olan adanı Fin körfəzindəki Nayssar adasına bənzədir, ona «Nargin» deyir. 1915-ci ildə Şahzadə Oldenburqun təlimatıyla Nargin əsir düşərgəsinə çevrilir. Qafqaz Cəbhəsində sürgün düşən türkləri və almanları bura sürgün edirlər. 10 minə yaxın əsgər adada acından-susuzluqdan ölür. Birinci Dünya Müharibəsinin Ən qanlı döyüşlərindən olan Sarıqamış qurbanlarının xatirə dərnəyi - Türkiyədəki Sarıqamış Dayanışma Dərnəyinin sədri Bingür Sönməz «Azadlıq» Radiosuna deyir ki, adada turizm şəhərciyi tikiləcəksə, burada türk əsirləri üçün abidə qoymaq lazımdır.
1990-cı illərdə mətbuat yazırmış ki, həmin ilin 20 yanvarında ruslar daha çox adamı qırıblar, izi itirmək üçün meyitləri Nargin adasına aparıblar. Amma bu haqda da rəsmi məlumat yoxdur.