YAP gənclərinin işi alınmasa...

Fuad Muradov: Burda nə problem var ki?

Konstitusiyaya təklif olunan dəyişikliklər dövlətin qüdrətli, xalqın gələcəyinin parlaq olması baxımından son dərəcə önəmlidir.

Bu nəticəyə Yeni Azərbaycan Partiyasına (YAP) bağlı olan gənclər təşkilatlarının üzvləri gəliblər.

YAP-ın Gənclər Təşkilatının sədri Ramin Həsənov deyir ki, referendumla bağlı cəmiyyətdə ən çox müzakirə edilən məqam 101-ci maddə ilə, yəni bir şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin götürülməsi ilə bağlıdır.

O inanır ki, bu dəyişiklik indiki dövlət başçısının ömürlük prezident elan edilməsinə yol açmır. Çünki onun sözlərinə görə, bütün hallarda seçimi xalq edir.

Toplantıda demək olar ki, bütün çıxışlar 101-ci maddəylə bağlı dəyişikliyin zəruriliyinin əsaslandırılmasına və bu dəyişikliyi tənqid edənlərin tənqidinə həsr olundu.

Natiqlərdən biri müxalifətin tənqidlərini onların savadsızlığı ilə izah elədi.

Toplantıdan sonra onun iştirakçıları Azadlıq Radiosunun suallarını belə cavablandırdı.


- Niyə bu dəyişiklər vacibdir?


- Prezidenti xalq seçir. Xalq istəsə bir şəxsi bir dəfə seçə bilər, istəsə 5 dəfə. Əgər o yaxşı namizəd deyilsə, xalq əlbəttə ki onu seçməyəcək.

- Sizə burada tapşırıldı ki, vətəndaşların seçkidə aktiv iştirakı üçün tədbirlər görəsiniz. Konkret hansı işləri görməyi planlaşdırırsınız?

- QHT-lər, dövlət qurumları, siyasi partiyalar, əlaqədə olduğumuz əhali qrupları arasında təşviqat aparırıq və onları cəlb etməyə çalışırıq.

Gənclərlə görüçlər təşkil olunacaq, maarifləndirmə işi aparılacaq.

- Kim təşkil edəcək bu işləri?

- Hələlik öz qüvvələrimizlə aparacağıq. Alınmasa, dövlət qurumları yardım təşəbbüsü göstərsələr, bu yardımdan yararlanacağıq.