«Respublika- çılar» qapalı görüşəcəklər

Arif Hacılı

Müxalifətin 18 mart referendumu üzrə yaradılan «Respublikaçılar» təşviqat qrupuna martın 1-də «Təbriz» kinoteatrında qapalı görüş keçirilməsinə icazə verilib.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, təşviqat qrupu seçicilərlə yalnız paytaxtda deyil, rayonlarda da görüşlər keçirməyi planlaşdırır.

Bu məqsədlə bir sıra rayonların icra strukturlarına müraciət də göndərilib.

A.Hacılı deyir ki, Gəncə və Lənkəranda aksiyaların açıq havada deyil, qapalı məkanda keçirilməsinə razılıq verilməsilə bağlı xəbərlər alınıb.

Onun sözlərinə görə, «Respublikaçılar» icazə verilən yerlərdə - qapalı məkanlarda da seçicilərlə görüşəcəklər.

Təşviqat qrupu martın 9-da paytaxtın 8 meydanında mitinq keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək. Bu qərar BŞİH-in təşviqat qrupunun 1 mart mitinqinə yalnız Bibiheybətdə keçirilməsinə icazə verəndən sonra qəbul olunub.

Arif Hacılının sözlərinə görə, Bibiheybət kütləvi aksiyaların keçirilməsi üçün əlverişli olmadığından təşviqat qrupu başqa 8 meydana iddia edir.

«Respublikaçılar» təşviqat qrupu Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumun əleyhinədir.