İraq ABŞ prezidentinin qərarını alqışlayır

Fevralın 28-i İraqın vitse prezidenti Tareq əl-Haşemi ABŞ prezidenti Barak Obamanın İraqdan qoşunu çıxarma qərarını alqışlayıb.

Lakin bununla belə vitse-prezident bildirib ki, Vaşinqton İraqa yardım etmə məsuliyyəti daşıyır. O deyib ki, İraqın hüquqi dövlət qurmaqda yardıma ehtiyacı olacaq.

Fevralın 27-i ABŞ prezidenti Barak Obama bəyan edib ki, 2010-cu il avqustun 31-də ABŞ ordusunun İraqdakı hərbi əməliyyatları başa çatacaq. Prezident əlavə edib ki, 35-50 minlik bir hərbi kontingent İraqda qalıb bu ölkənin təhlükəsizlik qüvvələrinə kömək edəcək. 2011-ci ilin sonunda isə ABŞ-ın bütün qoşunları İraqı tərk edəcək.

Barak Obama bildirib ki, o, bu planını İraqın baş naziri Nuri əl-Maliki və ABŞ-ın keçmiş prezidenti Corc Buşla da müzakirə edib.