«Əbədi prezidentlik istəyi xalqa çox böyük həqarətdir»

Martın 1-də Bakıdakı «Təbriz» kinoteatrında «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının liderləri seçicilərlə görüşüblər

Martın 1-də Bakıdakı «Təbriz» kinoteatrında «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının liderləri seçicilərlə görüşüblər. İki saat davam edən görüş zamanı kinoteatrın zalı tamamilə dolu olub.

İki saat davam edən görüş zamanı kinoteatrın zalı tamamilə dolu olub
Müxalifət liderləri çıxış edərək xalqı referenduma «yox» deməyə çağırıblar. Onlar referenduma çıxarılan məsələlərin yalnız hakimiyyətin xeyrinə olduğunu və dəyişikliklərin Azərbaycanın beynəlxalq nüfuzuna da xələl gətirəcəyini bildiriblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

«İlin, günün bu vaxtı, Azərbaycan problemlərin məngənəsində olan zaman, xüsusən də, iqtisadi böhranın dərinləşdiyi bir məqamda, ölkədə işsizliyin artdığı vaxtda, torpaqlarımızın işğaldan azad olunması istiqamətində heç bir irəliləyişin olmadığı, əksinə təhlükənin artdığı dönəmdə referendumun keçirilməsi xalqın iradəsi ola bilməzdi».

İ.Qəmbər çıxışında müxalifətin seçicilərlə görüşünə əngəllər yaradıldığını da bildirdi.

Liberal Partiyanın lideri Lalə Şövkət Hacıyeva isə prezidentlik müddətinin artırılmasının xalqa təhqir olduğunu dedi:

- Əbədilik prezidentlik istəyi xalqa çox böyük həqarətdir. Gör necə özlərindən müştəbehdirlər ki, fikirləşirlər ki, bu millətdə heç bir insan prezidentliyə layiq deyil. Mən bu halda azı iki yüz nəfər prezidentliyə layiq adam görürəm.

Seçicilərlə görüş zamanı kinoteatrın binasının qarşısında və ətrafında polislər toplaşsa da, onlar görüşə hər hansı müdaxilə etməyiblər
Seçicilərlə görüş zamanı kinoteatrın binasının qarşısında və ətrafında polislər toplaşsa da, onlar görüşə hər hansı müdaxilə etməyiblər.

AXCP sədrinin müavini Həsən Kərimov isə deyir ki, onlar martın 9-da paytaxtda mitinq keçirmək üçün yenə də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.