«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» seçicilərlə görüşəcək

«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupu martın 6-ı seçicilərlə qapalı görüş keçirəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Həsən Kərimov Azadlıq radiosuna bildirib ki, görüş axşam saat 6-da «Qarabağ» (keçmiş “Pioner”) kinoteatrında keçiriləcək. Görüşdə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların rəhbərləri iştirak edəcək.

Həsən Kərimov bildirib ki, görüşün keçirilməsi üçün Nəsimi rayon icra hakimiyyətinə müraciət olunmuşdu. «Çünki Bakı şəhər icra hakimiyyətinin ayırdığı yerlərdə «Qarabağ» kino teatrı da vardı. Həmin yer də Nəsimi rayonun ərazisi olduğu üçün rayon icra hakimiyyətinə müraciət etdik. Martın 5-i məktubumuza müsbət cavab verildi. Amma açıq yox, qapalı görüşə icazə verilib.»

«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşviqat qrupuna Müsavat, Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf, Liberal, Ümid partiyaları daxildir.

Təşviqat qrupunun seçicilərlə ilk qapalı görüşü martın 1-də paytaxtın “Təbriz” kinoteatrında keçirilmişdi.