Azərbaycan əhalisinin siyahıyaalınması aprelin 13-də başlayacaq və 2010-cu ilin ortalarına qədər yekunlaşacağı gözlənilir. Bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.
O qeyd edib ki, 10 il əvvəlki son siyahıyaalmadan fərqli olaraq indi blanklara 21 deyil, 35 sual daxil edilib. Bu suallar sırasında etnik mənsubiyyət qrafası da əksini tapıb. Həmin qrafada hər kəs özünün etnik mənsubiyyətini yazacaq ki, bu da Azərbaycanda etnik qrupların sayının rəsmən müəyyənləşdirilməsinə imkan verəcək.
Arif Vəliyevin fikrincə, siyahıyaalma prosesinə nə qədər vəsait sərf olunacağı hələ məlum deyil.
Dövlət başçısının fərmanı ilə hər 10 ildən bir bütün ölkə üzrə siyahıyaalma keçirilir. Sonuncu siyahıyaalma 1999-cu ildə olub.
Rəsmi məlumatlara görə, indi Azərbaycan əhalisinin sayı 8 milyon 730 min nəfərdir.