“Vaşinqton İranla diplomatik münasibətləri bərpa edə bilər”

Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” --“Eurasia.net”



Respublikaçılar partiyasının təbliğat qrupu İranda hakimiyyət dəyişikliyi ideyasını dirçəltməyə çalışır. ABŞ-ın Mövcud Təhlükə Komitəsi [Committee on Present Danger] son hesabatında İranla diplomatik əlaqələrin bərpasına çağırır.



İslam respublikasını çökdürmək Buş administrasiyasında üstünlük təşkil edən neo-mühafizəkarların çoxdankı arzusudur. 11 sentyabr terror faciəsindən sonra prezident Corc Buş İranı “şər mehvəri”nə daxil edib. Səddam Hüseyni uğurla devirdikdən sonra neo-mühafizəkarlar növbəti hədəfin Tehran olacağı haqda açıq danışırdılar.



Amma bu cür təkəbbürlü çıxışlar tezliklə kəsildi, çünki Amerika qüvvələri İraqda çətinliklə üzləşməli oldular. İndi Buş ikinci prezidentlik müddətini təmin etdikdən sonra onun “qırğıları” Tehranda mollaları hakimiyyətdən salmaq axtarışlarını bərpa ediblər.



Mövcud Təhlükə Komitəsinin “İran: yeni yanaşma” başlıqlı hesabatı mülayim tonu ilə seçilir. “Yeni yanaşma” ilk növbədə İranla birbaşa təmasların başlanmasını, 25 illik diplomatik soyuqluğa son qoyulmasını nəzərdə tutur. Bu baş verərsə, diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq. Belə ki, Amerika mühafizəkarları həmişə embargo strategiyasını müdafiə ediblər.



Sənədin əsas müəlliflərindən olan Mark Palmer deyir ki, Tehranla diplomatik kanalların açılması səmərəli ola bilərdi. O, “soyuq müharibə” təcrübəsindən misal çəkir və xatırladır ki, o vaxt Vaşinqton Sovet blokuna üzv ölkələrdə səfirlik saxlasa da, demokratik qüvvələri dəstəkləməkdə də davam edib. ABŞ-ın diplomatik mövcudluğu Şərqi Avropada sosializmin dinc çöküşünü sürətləndirən əsas elementlərdən biri olub.



İranlıların əkəsəriyyətinin də Birləşmiş Ştatların İslam respublikasını yenidən qurmaq səylərini dəstəkləyəcəyi güman edilir.



Amma bəzi mütəxəssislər hesabatdakı əsas müddəalarla razılaşmırlar. Onların fikrincə, İranın Birləşmiş Ştatlara Tehranda öz səfirliyini açmağa razılıq verəcəyini düşünmək sadəlövhlük olardı.



İkincisi, İran xalqının daxili siyasi proseslərə xaricdən müdaxiləni dəstəkləyəcəyi də şübhəlidir. Düzdür, İranda əksəriyyət Birləşmiş Ştatlar haqda yaxşı fikirdədir. Amma Amerika İranın daxili işlərinə qarışdığı aşkarlanarsa, milli qürür hissi iranlıları hökumət ətrafında birləşməyə sövq edə bilər.



Bazar günü Fələstin muxtariyyətində keçirilən seçkilərin rəsmi nəticələri açıqlanıb. Mahmud Abbas seçkilərin qalibi elan olunub.



--“İndependent”



Mahmud Abbasın prezident seçkisində qələbəsindən sonra İsrail-Fələstin münaqişəsinin nizamlanacağına ümidlər artıb.



--“Tayms”



Mahmud Abbasın işi çətin olacaq. Yeni prezident İsraillə danışıqları bərpa etməli, Fələstin administrasiyası daxilində islahatlar aparmalı və Fələstin radikallarını silahlarını yerə qoymağa vadar etməlidir.



Əsas müxalifət qruplaşmaları olan “Həmas” və “İslami Cihad” seçkiləri boykot edib və silahlı mübarizədən imtina etməyə meylli deyillər. Onların hazırlıqlı terrorçu-kamikadzeləri vardır. Onlardan biri və ya ikisi İsrail avtobusuna daxil olarsa, o zaman yaxşı gələcək haqda bütün ümidlər havaya sovrula bilər.