Azərbaycan demokratik ölkələrin Santyaqo görüşünə dəvət olunmaya bilər

Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” “Bu ilin mayında Santyaqoda keçiriləcək nazirlərin görüşünə Azərbaycan nə iştirakçı, nə də müşahidəçi kimi dəvət olunmamalıdır. Dünyanın köhnə və yeni demokratiyalarının qlobal forumu olan Demokratiyalar İcması növbəti toplantısına yalnız demokratiyanı möhkəmlədən ölkələri dəvət etməlidir”.



Demokratik Koalisiya Layihəsi və “Freedom House”un birgə hesabatında belə deyilir. Yanvarın 12-də demokratik ölkələrin idarə komitəsi Santyaqoda toplaşacaq və xarici işlər nazirlərinin may iclasına kimin və hansı qisimdə dəvət olunmasını götür-qoy edəcək.



Layihənin icraçı direktoru Ted Pikkone deyib ki, Demokratiyalar İcmasının etibarlı qurum olması üçün bura yalnız demokratik islahatlar yönündə konkret irəliləyiş əldə edən ölkələr daxil olmalıdır.



Azərbaycan 2000-ci ildə Varşavada keçirilən görüşdə iştirakçı, 2002-də Seul görüşündə isə müşahidəçi olmuşdu.



Hesabatda deyilir ki, 2003-cü ilin prezident seçkiləri seçicilərin qorxudulması, zorakılıq, mediada qərəzli məlumatlar və saxtakarlığa görə tənqid olunub. ATƏT missiyası, Avropa Şurası seçkinin beynəlxalq standartlara uyğun keçmədiyini bildirib. Bundan başqa, seçkidən sonra “Human Rights Watch”, “Freedom House” təşkilatlarının hesabatlarında Azərbaycanda demokratiya sahəsində vəziyyətin yaxşı olmadığı göstərilir.



Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə bu fikirlərlə razı deyil. Onun fikrincə, Azərbaycan demokratiya yolunda geriləməyib, əksinə irəli gedib.



Cənubi Qafqaz respublikalarından Ermənistanın da statusu Azərbaycanla eynidir. Onun da may konfransına dəvət edilməməsi təklif olunur. Gürcüstanın isə əksinə, müşahidəçi deyil, iştirakçı kimi dəvət olunması istənilir.