“Buş Rusiyaya öz yerini göstərib”

Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər --“Faynenşl Tayms”



ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı ilə münasibətlərə yenidən baxmalıdır.



2001-ci ildə Vladimir Putinlə ilk görüşündən sonra Buş demişdi ki, o, Putini etibar olunacaq bir tərəfdaş kimi görüb.



Amma son bir ildə Putinin demokratiya sahəsində geriləməsi fonunda bu cür etimad yersiz görünür.



Bu həftənin əvvəlində prezident Buş Rusiyanı demokratiya və qanunçuluğa qayıtmağa çağırıb.



Putin isə bu cür tənqidə soyuq reaksiya verib. O deyib ki, “demokratik prinsiplər və institutlar Rusiya reallıqlarına uyğunlaşdırılmalıdır”.



--“Süddoyçe Tsaytunq”



Çox qədimdən Rusiya ziyalılarını bir sual düşündürür: Rusiyanın yeri hardadır?



O, Avropaya daxildir, ya Asiyanın bir parçasıdır? Yoxsa həmişəlik onların arasında asılı vəziyyətdə qalmağa məhkumdur?



Axır ki, bu suala cavab verən tapıldı: bu, Corc Buşdur.



Amerika prezidenti deyib ki, Rusiyanın gələcəyi “Avropa ailəsi və trans-Atlantika cəmiyətindədir”. Amma bunun üçün Moskva bəzi vacib şərtlərə əməl etməlidir.



İndi aydındır: Amerika prezidenti avtokrat Putinlə əməkdaşlıq etmək və eyni zamanda ona demokratik öhdəlikləri xatırlatmaq niyyətindədir.



Bu məsələdə o, Ronald Reyqandan örnək götürüb. O, da heç vaxt “şər imperiyası”—SSRİ ilə əlaqələri kəsmirdi.



--“Frankfurter Alqemayne Tsaytunq”



Almaniya kansleri Qerhard Şröder və Corc Buş “heç vaxt dost olmayacaq”. Tərəflər fevralın 23-də görüş zamanı İraq müharibəsi ilə bağlı mübahisələrə son qoysalar da, indi onların arasında hər şeyin yaxşı olduğunu demək olmaz.



Çünki əlaqələrdəki soyuqluğu bir səfərlə aradan qaldırmaq qeyri-mümkündür.



--“Qardian”



Amerikada bir müəllim altıncı sinif şagirdlərinin İraqdakı Amerika hərbçilərinə göndərdikləri məktublara görə üzr istəmək zorunda qalıb.



Məktublarda uşaqlar Amerika hərbçilərini mülki əhalini öldürməkdə və məscidləri dağıtmaqda günahlandırırlar.



Məktublardan birində deyilir:



“Məncə, sizi günahsız insanları öldürməyə vadar edirlər. İraq heç vaxt bizə hücum etməyib. Əgər Buş ölkəsini düşünsəydi, Üsamə Bin Ladeni tapmağa çalışardı”.



Bir müsəlman oğlan isə yazır:



“Mən bilirəm ki, siz ölkəmizi terrorçulardan xilas etmək istəyirsiniz, amma siz həm də məscidlər kimi müqəddəs yerləri də məhv edirsiniz”.



Məktubları alan sıravi Rob Ceykobs isə deyib ki, “əgər şagirdlərin söyləyəcək yaxşı bir şey yoxdursa, heç nə deməmələri daha yaxşıdır”. Çünki bu cür məktublar hərbçiləri ruhdan salır.