Azərbaycandakı ekspertlər münaqişələrin həllini demokratikləşmədə görürlər

Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Bu barədə fikirlər ATƏT və Avropa Şurası rəhbərlərinin birgə bəyantlarını şərh edən yerli ekspertlərin dilindən eşidilib.



Sözügedən bəyanatda Cənubi Qafqazdakı münaqişələrlə bağlı ərazi bütövlüyü önə çəkilməklə yanaşı demokratik islahatların zəruriliyinə də toxunulur.



Ekspertlər hesab edirlər ki, Cənubi Qafqaza diqqət getdikcə artmaqdadır və Avropa təşkilatları regiondakı münaqişələrin həllinin sürətlənməsini istəyirlər.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, orada ərazi bütövlüyünün önə çəkilməsi xüsusilə təqdirə layiqdir.



Səməd Seyidov yada salır ki, Azərbaycanın ərazi bütövlüyü Avropa Şurası Parlament Assambleyasının qətnaməsində də birmənalı öz əksini tapmışdı. Bu o deməkdir ki, regiondakı münaqişələrin həllinə baxışda beynəlxalq qurumların mövqeyi ilə Azərbaycanın mövqeyi tamamilə üst-üstə düşür.



Azərbaycan Avroatlantika Mərkəzinin baş katibi Rahim Hacı isə hesab edir ki, bütün bunlar heç də Azərbaycanın bu istiqamətdə görməli olduğu işlərin məsuliyyətini azaltmır. Əksinə, Azərbaycan bundan sonra Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini daha da artırmalıdır.



Ekspertlər həmçinin hesab edirlər ki, bəyantda demokratik islahatların zəruriliyinin önə çəkilməsi də Azərbaycanın üzərinə çox ciddi vəzifələr qoyur.



Səməd Seyidov qeyd edir ki, istər Qarabağ, istərsə də digər münaqişələr regiondakı demokratikləşmə prosesi ilə birbaşa bağlıdır. O ümüd edir ki, parlament seçkilərinə qədər Azərbaycanda islahatlar daha da dərinləşdiriləcək. Çünki bu, təkcə beynəlxalq qurumların yox, Azərbaycan xalqının da istəyidir. Əslində, Azərbaycanın mənafeyi də bunu tələb edir.



Rahim Hacı isə deyir ki, Azərbaycanda demokratik islahatların aparılmasından çox onun görüntüsü yaradılır.



Keçmiş dövlət müşaviri Vəfa Quluzada qeyd edir ki, istər Azərbaycanda, istrsə də bir sıra MDB respublikalarında dövlət, hökumət rəsmiləri demokratikləşmə prosesindən danışarkən yerli xüsusiyyətlərin də nəzərə alınmasını vacib sayırlar. Vəfa Quluzadənin sözlərinə görə, bu, demokratikləşmə prosesi üçün çox təhlükəli tendensiyadır.



Keçmiş dövlət müşaviri hesab edir ki, Azərbaycan hakimiyyəti demokratik islahatlar aparmaqla həm öz problemlərini həll edə, həm də Qərbin, Birləşmiş Ştatların yanında olduğunu nümayiş etdirə bilər. Əks halda, Qərblə Rusiyanın arasında qalmaq ölkədəki problemlərin ömrünün bir qədər də uzadılmasına xidmət edəcək.