MSK-ya 20 gün ərzində şikayət etmək olar

MSK bayram günlərində işləyəcək

Martın 18-də keçirilən referendumda çoxlu neqativ hallar müşahidə olunub. Bunu referendum əleyhinə olan təşviqat qrupları bəyan edirlər. Bəs pozuntu barədə danışanlar Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblərmi?

«Respublika və Qarabağ Uğrunda» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov «Azadlıq» radiosuna deyir ki, onlar artıq MSK-ya şikayətlə müraciət ediblər:

- Müraciətdə də göstərmişik ki, videolar, şəkillər, sənədlər, protokollar, aktlar əlavə təqdim olunacaq.

H.Kərimov deyir ki, bölgələrdəki müşahidəçilərdən şikayətlər gəlməkdədir:

- Bizim nümayəndələrimiz avtovağzaldadırlar. Rayonlardan göndərilən aktları yığırlar. Gəldikcə toplayıb yenə də MSK-ya şikayət verəcəyik.

Qüvvədə olan Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyasına səsvermədən sonra 20 gün ərzində şikayət etmək olar. Referendum martın 18-də keçirilsə də, Novruz bayramına görə ölkədə uzunmüddətli tətil başlayıb. Hüquqşünas Erkin Qədirli isə deyir ki, Seçki Məcəlləsində bayram anlayışı yoxdur.

Elə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev də deyir ki, onlar nə tətilə gedəcəklər, nə də istirahət edəcəklər. Çünki 20 gündən sonra protokolların nəticələrini açıqlamalıdırlar. Amma A.Sarıyev deyir ki, onlara nə fərdi müşahidəçilərdən, nə də təşviqat qruplarından şikayətlər daxil olmayıb.

MSK sözçüsü bildirir ki, şikayətlərin komissiyanın yanındakı ekspertiza qrupu tərəfindən araşdırılması üçün rəsmi müraciət lazımdır.

Bəs yerli medianın yaydığı seçki pozuntularıyla bağlı necə, hər hansı araşdırma aparılacaqmı? Məsələn, «Azadlıq» radiosunun əməkdaşlarının referendumdakı pozuntularla bağlı videolentə aldığı bəzi faktlar var. Bu kadrlarda seçicilərdən biri qutuya üç bülleten atır, digərində isə bir xanım yaşadığı binada «yüzbaşı» olduğunu və camaatı seçkiyə gətirdiyini etiraf edir. Bu faktlar seçki məntəqəsində nəticəni ləğv etməyə əsas verirmi?

Azər Sarıyev:

- Əsas verir. Amma gərək öz təsdiqini tapsın. Rəsmi müraciət olunsun ki, rəsmi də araşdırma aparıla bilinsin.

MSK rəsmisi deyir ki, videosüjetin olması hələ fakt demək deyil:

- Bəlkə montajdır. Bu, sübut olunmalıdır.

A.Sarıyev onu da deyir ki, komissiyaya daxil olan hər bir şikayət üç gün ərzində araşdırılmalıdır.