«Monitor»un baş redaktoru E. Hüseynovun dəfni sabah olacaq

Səs: Real audio
Siyasi və ictimai təşkilatlar, beynəlxalq jurnalist qurumları terror aktını pisləyir, Azərbaycan hökumətindən tez və qəti tədbir götürməsini tələb edirlər. «Monitor» jurnalının redaktoru Elmar Hüseynovla vida mərasimi sabah saat 12-dən günorta 3-ə qədər Elmlər Akademiyasının akt zalında olacaq.



Bundan sonra mərasimdə iştirak edənlər piyada ikinci Fəxri Xiyabanın arxasında yerlşən qəbirstanlığa yollanacaqlar.



Mərasimi həyata keçirmək üçün Mətbuat Şurasının rəhbərliyi ilə jurnalist təşkilatları nümayəndələrindən ibarət komissiya yaradılıb. Bu haqda dəfn komissiyasının rəhbəri, Mətbuat Şurasının sədri Əflatın Amaşov məlumat verdi.



Elmar Hüseynovun qətliylə bağlı ictimai-siyasi təşkilatların keçirdiyi bugünkü toplantıda isə ölkə rəhbərliyindən qətlin tezliklə açılması tələb olundu.



«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, bu hadisə cəmiyyəti qarşıdan gələn parlament seçkilərindən yayındırmaq məqsədi daşıyır.



Toplantıda iştirak edən ziyalılar, siyasi partiya liderləri, hüquq müdafiə və jurnalist təşkilatları Elmar Hüseynovun qətlini “siyasi terror” kimi qiymətləndirdilər.