Şahzadə Endryu ilə İlham Əliyevin dostluğu

İlham Əliyev referendumda səs verir

«Şahzadə Endryuya yaxın olan və neftlə zəngin ölkənin diktatoru ona keçmiş Sovet ölkəsində ömürlük prezident qalmaq şansı verən referendumda qalib gəldi».

«Daily Mail»də Bill Stuartın «Sovet diktatoru və şahzadə Endryunun dostu onu hakim edən referendumda qalib gəldi» yazısında belə deyilir.

Bill Stuart deyir ki, prezident artıq Xəzərin sahilində yerləşən ölkənin konstitusiyasında ona istədiyi qədər prezident kürsüsündə qalmaq şansı verən dəyişikliyi edə biləcək. O bildirir ki, Azərbaycanda keçirilən referendum ölkənin müxalifəti tərəfindən boykot edildi. Müxalifət iddia edir ki, prezident ölkədə azad səsi boğaraq və seçki keçirərək krallığa bənzər sistem qurmaq və ailəsini həmişə hakimiyyətdə saxlamaq istəyir.

Məqalədə deyilir ki, İlham Əliyev prezidentliyi hələ Sovetlər dövründə Kommunist rəhbəri olan atasından miras alıb.

«Daily Mail»də dərc olunan yazıda bildirilir ki, York hersoqu keçən il Azərbaycana iki «özəl» səfər edib. Bundan əvvəl isə o, 2005-ci ilin mayında, 2006-cı ilin iyununda və 2007-ci ilin oktyabrında bu ölkədə olub. Bu da bir şahzadənin digər ölkəyə səfər etməsi üçün kifayət qədər təəccüb doğuran yüksək rəqəmdir.

Şahzadə Əlyevlə yanvarda İsveçrədə dünya iqtiadi forumunda da görüşüb. Amma şahzadə ilə dostluğa baxmayaraq elə həmin ay prezident Əliyev BBC-nin yerli FM-də yayımını dayandırdı.

Məqalədə yazılıb ki, Avropa Şurası isə Azərbaycana xəbərdarlıq etdi ki, konstitusiya müddəalarına görə, ölkə qurumdan kənarlaşdırıla bilər.
Avropa Şurası rəsmisi Yan Mikallef «Biz demokratiya və qanunun aliliyindən danışırıq. Əgər prezidentlik müddətinə məhdudiyyət yoxdursa, bu, diktatorluğa çevrilə bilər» deyib.

Müəllif bildirir ki, lakin bir çox müxalif siyasətçiləri və xarici müşahidəçilər Əliyevin hələ bu seçkidən əvvəl diktator olduğunu hesab edirlər.

Beynəlxalq Hərb və Sülh İnstitutunun internet portalında Zarema Velixanovanın «Müxalifət Azərbaycan konstitusiyasına dəyişiklikləri ittiham edir» yazısında isə deyilir ki, müxalifət və media haqları qrupları ölkədə keçirilən referendum və onun nəticələrini tənqid edirlər. Yazıda Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun belə bir fikri yer alıb ki, təklif olunmuş müddəalar konstitusiyanı ölkənin nail olduğu standartlara uyğunlaşdıracaq. Elnur Aslanovun sözlərinə görə, konstitusiyanın qəbul edildiyi 1995-ci ildən bu yana ölkədə həm yerli, həm də beynəlxalq miqyasda çox şey dəyişib.

Məqalədə deyilir ki, müxalifət hesab edir ki, konstitusiya dəyişikliklərinin yeganə məqsədi artıq ikinci müddətə prezident seçilmiş İlham Əliyevə müddətsiz prezidentlik imkanı verməkdir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Beynəlxalq Hərb və Sülh İnstitutuna bildirib ki, referenduma çıxarılan dəyişikliklər müstəqilliyi boğmağa xidmət edir. O bildirib ki, elə buna görə də Müsavat və digər müxalif partiyalar referenduma çıxarılan müddəalara etiraz etməyə çağırıblar. İ.Qəmbər deyib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycanı geriyə aparacaq və yarıavtoritar ölkəyə çevirəcək.