Ekspertlər hesab edirlər ki, atəşkəsin tez-tez pozulması münaqişənin qızışmasına gətirib çıxarmayacaq

Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, atəşkəsin pozulması son günlər intensivləşsə də, qarşı tərəf cavabsız qalmır. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov deyir ki, qarşı tərəfdən atəşkəs pozulan kimi dərhal Azərbaycan Silahlı Qüvvələri cavab atəşi açır.

Ramiz Məlikov deyir ki, atəşkəsin pozulması Qarabağ münaqişəsiylə bağlı aparılan danışıqlara mənfi təsir göstərir.

Atəşkəsin pozulmasının mütəmadi xarakter alması münaqişənin qızışması təhlükəsi yaratmır ki? Ekspertlər birmənalı olaraq bu qənaətdəirlər ki, son günlər atəşkəsin tez-tez pozulması münaqişənin qızışması təhlükəsi yaratmır.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev deyir ki, atəşkəsin pozulması lokal xarakter daşıyır. Ekspert hesab edir ki, bu Ermənistandakı antiAzərbaycan əhval-ruhiyyəsinin güclü olmasıyla da bağlı ola bilər. Bundan başqa Elxan Mehdiyevin fikrincə, Azərbaycan Müdafiə Nazirliyinin xəbərləri əvvəlki illərdən fərqli olaraq indi daha çox yayması atəşkəsin tez-tez pozulması fikrini gücləndirir.

Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Xaləddin İbrahimliyə görə də atəşkəsin pozulması münaqişə təhlükəsindən xəbər vermir. Onun fikrincə, bu, sadəcə Azərbaycandakı daxili vəziyyətlə bağlıdır.

Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev isə deyir ki, atəşkəsin pozulması beynəlxalq aləmin diqqətini cəlb etməlidir. Yoxsa atəşkəsin pozulması intensivləşməkdə davam edəcək.

Strateji Araşdırmalar Mərkəzinin eksperti Xaqani Hüseynli isə hesab edir ki, münaqişənin həll olunmaması Cənubi Qafqaz üçün təhlükəli faktor kimi qalır. Azərbaycan və Ermənistanda demokratik dəyərlərlə formalaşan hakimiyyətlər olmadığından münaqişə də davam edir.

Bu gün ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına əsasən Tərtərin Qapanlı kəndindəki təmas xəttində növbədənkənar monitorinq keçirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq zamanı atəşkəs pozulmayıb.