Müxalifət hakimiyyət dəyişikliyində maraqlı olan hansısa hökumət üzvünü müdafiə edərmi?

Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Prezidentin əfv fərmanı ilə azadlığa çıxan «Xalq» partiyasının sədri Pənah Hüseyn və Müsavat partiyası başqanının müavini Arif Hacılı bu günlər kütləvi informasiya vasitələrinə müsahibələrində bildiriblər ki, hakimiyyət dəyişilməsində maraqlı olan və xalqın müdafiə etdiyi hər hansı bir şəxs hətta hökmət üzvü olsa belə onu müdafiə etmək mümkündür. Arif Hacılı fikirini belə əsaslandırıb ki, bütün vasitələrdən istifadə edib bu korrupsiyalaşmış hakimiyyəti dəyişmək lazımdır.



Azərbaycan Xalq Cəbhəsi Partiyası İsalahatçılar tərəfinin lideri Əli Kərimlinin sözlərinə görə, bu fikirlər başa düşüləndir. Çünki həmin fikirlərdə əsas məqam müxalifət düşərgəsində real imkanları olan şəxsin müdafiə edilməsindən gedirdi. Əli Kərimlinin sözlərinə görə, xüsusilə «Xalq» partiyasının sədri Pənah Hüseyin «Yeni Müsavat» qəzetinə müsahibəsində qeyd edirdi ki, real imkanları olmayan şəxsi müdafiə etməyə ehtiyac yoxdur. Bu fikir isə ondan irəli gəlir ki, Azərbaycandakı müxalifət partiyalarının bir sıra funksionerləri öz sədrlərinin imkanlarından aslı olmayaraq ondan başqasını lider kimi qəbul etmək istəmirlər. Bu da vahid namizədin müəyyən edilməsinə mane olur.



Əli Kərimli deyir ki, nəzəri baxımdan şəxsən o da hakimiyyət içərsindən elə adam çıxarsa onu müdafiə etməyə hazırdır. Yeni Azərbaycan partiyası İcra Katibinin müavini Bahar Muradova isə deyir ki, belə fikirlərin müxalifət düşərgəsində səslənməsi onların zəifliyinin etirafıdır. Bahar Muradovanın sözlərinə görə, artıq müxalifətçilər də başa düşürlər ki, onları xalq müdafiə etmir və öz güclərinə dəyişiklik edə bilməzlər.



YAP funksioneri hesab edir ki, indi Azərbaycan hakimiyyətində elə şəxs yoxdur ki, müxalifətin çağırışlarına müsbət cavab versin. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizəni də, demokratik islahatları da hakimiyyətin özü apardığından Azərbaycanda Gürcüstan və ona oxşar başqa hadisələr təkrarlana bilməz.

Əli Kərimli də hökmətin hər hansı üzvünün bu məqsədlə meydana çığacağını istisina edir. Ancaq onun sözlərinə görə, sadəcə hakimiyyətin içərsində belə bir iradə ortalığa qoya bilən şəxs yoxdur. Əli kərimli deyir ki, hökmətdə nə korrupsiyaya nə də demokratiya və insan haqlarının pozulmasına qarşı çıxan məmur yoxdur.



AXCP İslahatçıları sədrinin sözlərinə görə indi başlıca məqsəd müxalifət düşürgəsində vahid lider müəyyən edib onun ətrafında birləşmək olmalıdır.

«Xalq qəzeti»nin keçmiş redaktoru Mahal İsmayıloğlu da hesab edir ki, əslində hakimiyyətin bütün üzvləri az və ya çox korrupsiyaya bulaşıblar. Mahal İsmayıloğlunun sözlərinə görə. bir qədər əvvəl vəzifədən uzaqlaşdırılan nazirlərlə bağlı təcrübə də göstərir ki, onlar mübarizə aparmaqdan çox özlərinin biznes sturukturlarının qayğısına qalırlar. Ancaq bu heç də o demək deyil ki, hökmət üzvlərindən kimlərsə hakimiyyətin zəiflədilməsi istiqamətində müəyyən işlər görmürlər:

-Mən ad çəkmək istəmirəm. Ancaq bəzi hökmət üzvləri var ki, ayrı-ayrı partiyaları maliyələşdirir, kiv orqanlarını öz tərəflərinə çəkirlər. Bu onların ilkin hazırlığıdır…



Bununla belə Mahal İsmayıloğlu hesab edir ki, həmin adamların xalqın önündə gedib dəyişiklik edəcəkləri inandırıcı görünmür. Sadəcə, həmin qüvvələr görsə ki, ağırlıq xalqın xeyrinə dəyişir onda onlar batan gəmini tərk edəcəklər. Bu isə daha çox bu illər ərzinldə yığdıqları kapitalı qoramaq istəyindən irəli gəlir.