ABŞ-ın yəhudi icması Qubada yəhudilərlə görüşüb

Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” “Azərbaycanda heç bir etnik problem yoxdur. Azərbaycan xalqı daim etnik azlıqlara qarşı dözümlülük nümayiş etdirir”.



Bu sözləri Amerika Yəhudi Birgə Paylaşdırma Komitəsinin sədri xanım Ellen Heller Quba rayonuna səfəri zamanı deyib.



Quba Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, xanım Ellen Heller, “Vaynberq” Yəhudi Fondunun prezidenti Şale Stiller və qurumların digər nümayəndələri Qubaya bir günlük səfər ediblər.



Onlar rayon icra başçısı ilə görüşdə rayondakı dini durumu, milli azlıqların vəziyyətini və digər məsələləri müzakirə ediblər. Sonra qonaqlar yəhudilərin yaşadıqları Qırmızı Qəsəbəyə gediblər. Ellen Heller və Şale Stiller buradakı sinaqoqa baş çəkiblər, yəhudilərin həyat və məişət şəraiti, problemləri ilə maraqlanıblar.



Qırmızı Qəsəbə ilə bağlı qonaqlara məlumat verən yəhudi icmasının rəhbəri Boris Simanduyev bildirib ki, uzun illərdir azərbaycanlılarla yəhudilər dostluq şəraitində yaşayırlar. Qubada etnik problem yoxdur.



Qonaqların bir sıra suallarını cavablandıran Boris Simanduyev daha sonra 1918-ci ilin martında ermənilərin Quba qəzasına hücumları zamanı yəhudi xalqının nümayəndələrinin də qırğına məruz qaldığını söyləyib.



O, Azərbaycan—Ermənistan—Dağlıq Qarabağ münaqişəsində həlak olmuş Qırmızı Qəsəbə sakini Albert Aqarunovun Azərbaycanın Milli Qəhramanı adına layiq görüldüyünü də yəhudi fondları rəhbərlərinin nəzərinə çatdırdı.