Metroda qadağan olunan qəzetlərin satışı bərpa edildi

Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” «Yeni Müsavat», »Bakı Xəbər», «Azadlıq», «Bizim yol» və »Futbol+» qəzetlərinin Bakı Metropoliteninin stansiyalarında satışı bərpa edilib.



Həmin nəşrlərin metroda satışına qoyulmuş qadağa aprelin 10-dan aradan qaldırılıb.



Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva Tağı Əhmədovun artıq bu barədə açıqlama verdiyini də bildirir. O deyir ki, adı çəkilən qəzetlər metropolitenlə müqavilə əsasında satılacaq.



«Bakı Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bu faktı təsdiqlədi və dedi ki, qəzetin metro stansiyalarında satılması ilə bağlı problem həll edilib. Metropolitendən onları qəzetin stansiyalarda satılması ilə əlaqədar müqavilə bağlamağa dəvət ediblər. Aydın Quliyev deyir ki, artıq bu müqavilə imzalanıb.



Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov isə deyir ki, bu problem onun ölkə prezidentinə məktubla müraciətindən sonra həllini tapıb.



Onun sözlərinə görə, məktuba baxılaraq metropolitenin rəhbəri Tağı Əhmədovun qərarının əsassız olduğu müəyyənləşib və bundan sonra o, həmin qəzetlərin satışına icazə vermək məcburiyyətində qalıb.



Mətbuat Şurasının rəhbəri metropolitendə qadağan olunmuş qəzetlərin hamısının artıq stansiyalardakı satış məntəqələrində olduğunu deyir.