İ. Qəmbər: “Qərb Azərbaycanda demokratikləşmənin zamanı yetişdiyini hiss edir”

  • Abbas Cavadi
Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” ABŞ-a və Londona səfərinin yekununda “Azadlıq” radiosuna müsahibə verən Müsavat partiyasının başqanı bildirib ki, keçirdiyi görüşlərdə Azərbaycanda demokratik proseslərin zəruriliyinə diqqət hiss edib.



Onun sözlərinə görə, Vaşinqtonda və Londonda rəsmi və qeyri-rəsmi görüşlərində demokratiya təkcə ideallar deyil, həm də təhlükəsizlik problemi kimi müzakirə olunub. Bu mənada, Qərbin Azərbaycanda gedən proseslərə də praqmatik yanaşması nəzərə çatdırılıb.



“İstər prezident Buşun andiçmə mərasimində, Bratislavada və başqa yerlərdəki çıxışları, istərsə də Amerikanın bu istiqamətdə apardığı fəaliyyət onu göstərir ki, post-Sovet məkanında demokratikləşmənin zamanı artıq yetişib. Gürcüstanda, Ukraynada və Qırğızıstanda bu proseslər gedir və digər post-Sovet ölkələri – ilk növbədə Azərbaycana da bu aiddir. İstər Vaşinqtonda, istərsə də Londonda biz bunu hiss etdik”.



Müsavat partiyasının başqanı bildirir ki, “Uğur” blokunda birləşən partiyaların rəhbərləri—AXCP sədri Əli Kərimli, ADP sədri Rəsul Quliyev və onun Avropa və ABŞ-a səfəri Azərbaycanda payızda keçiriləcək parlament seçkiləri qabağı müxalifətin kampaniyasının bir hissəsi hesab edilə bilər. Çünki, demokratiyaya keçidin mümkün qədər dinc üsullarla baş tutmasında beynəlxalq təşkilatlar kifayət qədər təsirli rol oynayırlar.



O, eyni zamanda əlavə edib ki, əsas seçki hazırlıqları hazırda Bakıda gedir. Təmsil olunduğu “Uğur” bloku Seçki Məcəlləsinin dəyişdirilməsi, parlament seçkilərində iştirak edəcək namizədlərin dəqiqləşdirilməsi istiqamətində işləyirlər.



“Düşünürəm ki, bizim problemimiz seçkidə qələbə qazanmaq deyil. Çünki, elektoratın əksəriyyəti demokratik qüvvələrin tərəfindədir. Problem hakimiyyətin bu saxtakarlıq adətinə son qoyulmasında, seçkilər saxtalaşdırılarsa hakimiyyətin dinc üsullarla dəyişdirilməsinin təmin edilməsindədir. Problem budur və biz bu istiqamətdə xüsusi diqqətlə çalışacağıq”.