Gəncə darvazasının qaytarılması üçün müzakirələr başlayıb

Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” Gürcüstanın Kutaisi şəhərindəki monastırda saxlanan qədim Gəncə darvazasının geri qaytarılması üçün danışıqlar gedir. Bu məqsədlə Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov Gürcüstan hökumətiylə müzakirələrə başlayıb.



Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sözlərinə görə, o, Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək 1139-cu ildə böyük dağıntılarla nəticələnmiş zəlzələdən sonra gürcü qoşunlarının qənimət kimi apardığı Gəncənin qədim darvazasının qaytarılmasında kömək istəyib.



İki il əvvəl də Gəncə rəhbərliyi Kutaisi rəsmiləri ilə danışıqlar aparmışdı. Hətta şəhər rəhbərliyinin bir qrup nümayəndəsi qapının saxlanıldığı monastıra da baş səkmişdi.



Ancaq qonşu ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər bu danışıqların yarımçıq qalmasına səbəb olmuşdu. O vaxt gürcü tərəfi darvazanın sağ qalan tayının Gəncədə nümayiş olunmasına ilkin razılıq vermişdi.



Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov da deyir ki, o, bir aydır Gürcüstan hökumətiylə intensiv danışıqlar aparır. Səfirin sözlərinə görə, Gəncə darvazası Gürsüstan patriarxiyasının mülkiyyətindədir. Ancaq səfir aparılan müzakirələrin detalları barədə məlumat vermədi.