ATƏT QHT-lərin qeydə alınmamasından narahatdır

Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” ATƏT-in Bakı Ofisinin mayın 5-də yaydığı hesabatda bildirilir ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyatı problemi həll olunmamış qalır.



Sənəddə 2003-cü ildə “Hüquqi şəxslərin dövlət reyestri haqqında” qanunun qəbulundan sonra QHT-lərin qeydiyyatı prosesində dəyişiklik olub-olmadığı araşdırılır.



Qeyd olunur ki, bu sahə üzrə 2004-cü ildə aparılan monitorinqin nəticələri də təhlil olunub.



Hesabatda o da vurğulanır ki, QHT-lərin qeydiyyata alınmaması üçüncü sektorun fəaliyyətinə ciddi maneələr yaradır. Donorların bu cür təşkilatlara maliyyə yardımı etməsinin qarşısı alınır.



ATƏT tövsiyə edir ki, Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyat prosedurunu sadələşdirsin.



Qeydiyyata alınmaması səbəbindən Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsinə başlayan Hüquqşünaslar Forumunun həmtəsisçilərindən biri İntiqam Əliyevsə deyir ki, QHT-lərin qeydiyyata alınmasına yeni qanunun qəbulundan sonra da maneələr var.



Amma İntiqam Əliyev bunu bütün QHT-lərə şamil etmək fikrində olmadığını deyir. Onun fikrincə, Ədliyyə Nazirliyi hökumət dairələrinə yaxın olan QHT-lərin qeydiyyatı prosesini sürətlə aparır. Və beynəlxalq təşkilatlara təqdim olunan məlumatlarda da məhz həmin təşkilatların adları çəkilir.



Bir neçə gün əvvəlsə Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı idarəsinin rəhbəri Fazil Məmmədov «Yeni TV»nin qeydə alınmaması ilə bağlı «Azadlıq» radiosuna müsahibəsində bu məsələyə toxunmuşdu.



O bildirirdi ki, QHT-lərin qeydiyyata alınmasına bilərəkdən maneçilik törədilmir. Təqdim olunan sədənlərdə qüsurlar aşkarlananda geri qaytarılsa da, QHT təsisçilərinin təkrar müraciət etmək hüquqlarına məhdudiyyət qoyulmur.