Özbəkistanda nə baş verir? Adi narazılıq, yoxsa inqilab?

Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Özbəkistanın Əndican şəhərində baş verən hadisələrə Azərbaycanda münasibət birmənalı deyil.



Hakim Yeni Azərbaycan partiyasından (YAP) olan millət vəkili Səyyad Aran bildirir ki, Özbəkistanda baş verənləri qətiyyən «məxməri inqilab»ın başlanğıcı kimi qiymətləndirmək olmaz. Bu, «bir qrup dini ekstremistin rəhbərlik etdiyi məhəlli xarakterli etirazlardır».



Xalq Cəbhəsi partiyası “islahatçılar” qanadının rəhbəri Əli Kərimlinin qənaətincə isə, Özbəkistan hadisələri sosial partlayışdır və bunun səbəbi əhalinin sosial vəziyyətinin ağırlığı, eləcə də ölkədə siyasi azadlıqların məhdudlaşdırılmasıdır.



Əli Kərimli deyir ki, Özbəkistan hakimiyyətinin etirazçıların hamısını dini ekstremistlər kimi təqdim etməsi dünya ictimaiyyətinin diqqətini hadisələrin əsl mahiyyətindən yayındırmaq məqsədi güdür.



Partiya sədri düşünür ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər Özbəkistanda etirazçılara qarşı silah işlədilməsinə kifayət qədər sərt reaksiya vermədi. «Bu məsələdə geopolitik maraqlar əsas götürülməməlidir».



Amma YAP-çı millət vəkili Səyyad Aran Özbəkistanda baş verən hadisələrin ölkədəki sosial-siyasi hadisələrlə bağlı olduğunu düşünmür.



Onun fikrincə, «müəyyən müddət keçdikdən sonra iğtişaşların əsl mahiyyəti tam aydınlaşacaq».



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirovun fikrincə isə, Özbəkistandakı kütləvi aksiyalarda dindarların iştirakı istisna deyil, amma bütövlükdə kütləvi aksiyaların dini zəmində baş verməsini söyləmək olmaz.



O ki qaldı etirazçıların zorakılığa əl atmasına, Rauf Mirqədirov hesab edir ki, bu, hakimiyyətin yürütdüyü sərt siyasətlə bağlı ola bilərdi.



Rauf Mirqədirov deyir ki, bir müddət əvvəl Özbəkistandakı bəzi biznesmenlərin narazılığı barədə xəbərlər yayılmışdı və o, indiki etirazların arxasında vaxtilə iqtidarın təzyiqlərinə məruz qalan iş adamlarının dayandığını istisna etmir.