Qadın güləşçilərin dünya çempionatı Bakıda olacaq

Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Qadınlar arasında sərbəst və yunan roma güləşi üzrə dünya çempionatı 2007-ci ildə Bakıda keçiriləcək. Beynəlxalq Güləş Federasiyası belə qərar verib. Dünya birinciliyi lisenziya xarakteri daşıyacaq. Mükafat qazanan idmançılar olimpiadaya da vəsiqə əldə edəcəklər.



İranda keçirilən beynəlxalq boks turnirində Azərbaycan idmançıları 4 medal qazanıb. “Rabitəçi” klubunun üzvlərindən Ceyhun Əbiyev bütün rəqiblərini məğlub edərək öz çəkisində birinci olub. Babək Rüstəmov və Tofiq Əhmədov gümüş, Cəbi Sailov isə bürünc medal qazanıb.



Bu gün futbol üzrə UEFA kubokunun final oyununda Portuqaliya “Sportinq”i Rusiyanın “Mərkəzi Ordu İdman Klubu” – “MOİK”i qəbul edəcək. Oyun Lissabonun «Joze Alvalade» stadionunda keçiriləcək. Hər iki komanda ilk dəfə UEFA kubokunun finalına vəsiqə qazanıb.



Mayın 29-da futbol üzrə Azərbaycan yığması İranla yoldaşlıq oyunu keçirəcək. AFFA İran tərəfinin dəvətini müsbət cavablayıb. Azərbaycan yığmasının oyunçuları mayın 28-də Tehrana yollanacaq və bir gün sonra “Azadi” stadionunda görüşə çıxacaq. İyunun 4-də isə Azərbaycan yığması Bakıda Polşa yığmasıyla qarşılaşacaq. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi mart ayında Polşa millisinə səfərdə 0-8 hesabıyla məğlub olmuşdu. Azərbaycan millisinin çalışdırıcısı Karlos Alberto Torres İran və Polşayla oyunlarda şans verəcəyi oyunçuların adlarını açıqlayıb. Bu dəfə yığmada «Neftçi», «Karvan», «Xəzər-Lənkəran»dan çağrılan oyunçular üstünlük təşkil edir. Torres yenə «Neftçi»nin oyunçusu Zaur Tağızadəni yığmaya çağırsa da, oyunçunun imtinası və zədəli olması üzündən o, Alim Qurbanovla əvəzlənib. Samir Əliyev və Mahmud Qurbanov yenə də yığmaya çağrılmayıb. Fevral ayında hakimi vurduğu üçün cəzalanan Azərbaycan çempionatının ən sərrast hücumçusu Zaur Ramazanov isə yenidən yığmaya dəvət alıb.



2008-ci ildə Pekindəki paralimpiya oyunları sentyabrın 6-8-də keçiriləcək. Xroniki xəstəliklərdən əzab çəkən idmançılar 20 idman növü üzrə yarışacaq.



Mayın 17-si axşam Azərbaycanın qadınlardan ibarət voleybol yığması Belorus yığmasına qalib gəldi. Dünən Quba Olimpiya Kompleksində keçirilən ilk yoldaşlıq oyununda Azərbaycan voleybolçuları Belorusu 3-1 hesabıyla yendi. Azərbaycan yığmasının çalışdırıcısı Faiq Qarayev bu oyunda əsasən gənclərə üstünlük verdi.



Mayın 19-u futbol üzrə Azərbaycan çempionatında sondan əvvəlki - 33-cü turun oyunları keçiriləcək. 72 xalla 1-ci yerdə olan “Neftçi” cəmi 2 xal geri qalan “Turan”ı, 2-ci yerdə olan “Xəzər-Lənkəran” isə “Şahdağ-Samur”u qəbul edəcək. Bakıda “Gəncə” 70 xalla 3-cü pillədəki “Qarabağ”ın, 4-cü yerin sahibi “Karvan” isə “MOİK”-in qonağı olacaq. “Karat” – “Bakı”, “Mkt-Araz”-“Gənclərbirliyi”, “İnter”-“Şəmkir” və “Bakılı”-“Göyəzən” oyunları da cümə axşamı baş tutacaq.