ABŞ senatoru: «Sərbəst toplaşmaq hər bir xalqın hüququdur»

Səs: Real audio
ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi: «Siyasi iradə olmadan görüşlərin keçirilməsində fayda olmayacaq» ABŞ-ın Azərbaycana gələn senatoru Çarlz Hegel iyunun 1-də media mənsubları üçün mətbuat konfransı keçirdi.



Jurnalistlərin suallarını cavablandıran cənab Hegel Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarı olduğunu dedi: «Bizim Respublikaçılar İnstitutu buna kömək etməyə hazırdır».



O, seçkinin nə dərəcədə azad və ədalətli olacağının Azərbaycan dövlətinin və elektoratın işi olduğunu da sözlərinə əlavə etdi.



Çarlz Hegel Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə təhlükəsizlik və seçki məsələlərinin müzakirə edildiyini bildirdi.



Senator ABŞ hərbi bazalarının Azərbaycanda yerləşdirlməsi mövzusunu prezidentlə müzakirə etmədiyini dedi.



Cənab Hegel hakimiyyətin müxalifət partiyalarının keçirmək istədiyi aksiyalara icazə verəcəyinə ümid etdiyini bildirdi: «Sərbəst toplaşmaq hər bir xalqın hüququdur».



O, Gürcüstandan Rusiya hərbi bazalarının çıxarılaraq Ermənistanda yerləşdirilməsini ciddi narahatlıq doğuran fakt kimi dəyərləndirdi.



Çarlz Hegel ABŞ Senatına 1996-cı ildə Nebraska ştatından seçilib. Senatın xarici əlaqələr komitəsinin respublikaçı üzvüdür.