Həbsxanalarda 107 siyasi məhbusun olduğu ehtimal edilir

Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryus hesabatında bildirir ki, Azərbaycan həbsxanalarında 107 nəfər siyasi məhbusun olduğu ehtimal edilir.



Hesabatda qeyd olunur ki, AŞ PA onların tezliklə azad olunmasını və ya işlərinə yenidən baxılmasını tələb edir.



Azərbaycanın hüquq sistemində ciddi pozuntuların olması pislənilir və hesabatın AŞ PA-nın iyun sessiyasına təqdim ediləcəyi bildirilir.



Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun fikrincə, M.Bryus haqlıdır:«O, öz hesabatında mövcud gerçəkliyi əks etdirib».



Xanım Yunus cənab Bryusa göndərdikləri siyasi məhbus siyahılarının hesabatda əksini tapdığını bildirir.



Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə isə deyir ki, M.Bryusun hesabatında müəyyən qədər həqiqət var: «Ancaq sənəddə siyasi məhbus adlandırılanların sayı və onların hansının həqiqətən də siyasi məhbus olmasının müzakirəyə ehtiyacı var».



Cənab Mollazadənin fikrincə, bununla bağlı işçi qrupu yaradılmalıdır. Həmin qrup AŞ PA-nın ekspertləri, Azərbaycanda insan hüquqlarını müdafiə edən QHT və Milli Məclisin nümayəndələrilə birgə bu məsələni araşdırmalıdır.



O, bildirir ki, AŞ PA-nın iyun sessiyasına qədər bu məsələ öz həllini tapmalıdır:«Əgər adı siyahıda olanların cəzaları ilə bağlı şübhələr varsa, onların yenidən məhkəmələri keçirilməli və ya azadlığa buraxılmalıdırlar».



AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryusun hesabatında qurumun üç dəfə Azərbaycanda siyasi məhbuslar məsələsinə baxdığı və onların azadlığa buraxılmasının tələb olunduğu bildirilir. Əlavə edilir ki, son qətnamədən indiyədək prezident İlham Əliyev beş dəfə əfv fərmanı imzalayıb. Nəticədə 100-dən çox siyasi məhbus azadlığa çıxıb.