«Prezidentə yaxın dairələrdə seçki strategiyası ilə bağlı yekdil mövqe yoxdur»

Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır «Yeni Azərbaycan» qəzetindəki məqalədə Mais Piriyev Rusiya hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılmasıyla bağlı məsələyə toxunur. Müəllif yazır ki, dünya siyasətində söz sahibi olmaq arzusu Rusiyanın Qərblə münasibətini daha da sərinləşdirib. Rusiya Gürcüstanda aparılan islahatlarda ABŞ xəttini aydın gördüyündən bölgədə qalmaq arzusu ilə Qafqaz siyasətində bir qədər yenilik edib. Silahları Rusiya ərazisinə yerləşdirmək üçün imkanların yetərincə olmadığına dair rəsmilərin verdiyi bəyanatlar məqalədə gözdən pərdə asmaq cəhdi kimi qiymətləndirilir. Müəllif yada salır ki, bir neçə il bundan əvvəl Almaniyadakı 1 milyondan çox silah-sürsat və canlı qüvvə üçün Rusiya ərazisində yer tapmaq çətinlik yaratmamışdı. Amma indi nədənsə bundan iki dəfə az sürsatı Rusiyada yerləşdirmək mümkün olmur. Məqalədə qeyd edilir ki, silahları Ermənistana köçürməklə Rusiya hələ də imperiya qurmaq arzusunda olduğuna işarə edir. Yazıda o da vurğulanır ki, Rusiyada demokratik islahatlar aparmadan MDB-nin qalan respublikalarında bu işə başlamaq lazımi effekt verməyəcək. Çünki Rusiya Avropaya inteqrasiya yolunda ən böyük maneədir.



«Bakı-Xəbər» qəzetindəki «Seçkilər saxtalaşacaqsa inqilab da qaçılmazdır» başlıqlı məqalədə Ruslan Xəlil yazır ki, bu tezisi irəli sürənlərin haqlı olduqları 4 iyunda keçirilən mitinqdə bir daha sübut olundu. Məqalədə bildirilir ki, müxalifətin 30 mindən çox üzvünün iştirak etdiyi yürüş-mitinq sübut etdi ki. Azərbaycan xalqı demokratiya istəyində Gürcüstan, Ukrayna və Qırğızıstandan heç də geri qalmır. İlk aksiyada onminlərlə adamın meydana çıxması Azərbaycanda inqilabın baş verməsinin mümkünlüyünü göstərdi. Əgər demokratik seçkilər keçirilməyəcəksə xalq inqilab edəcək. 4 iyun aksiyası göstərdi ki, hakimiyyət nümayəndələrinin mitinq iştirakçılarına qarşı səsləndirdiyi ittihamların heç bir əsası yoxdur. Yəni müxalifət dinc, təhlükəsiz və yüksək səviyyədə mitinq keçirməyi bacarır.



«Ayna» qəzetindəki «Hakimiyyətin seçki dilemması» başlıqlı məqalədə Zaur İbrahimli yazır ki, iqtidarda, xüsusən prezidentə yaxın dairələrdə vahid seçki strategiyası ilə bağlı yekdil mövqe yoxdur. Müəllif yazır ki, seçkilərin ümumilikdə iqtidarın nəzarəti altından çıxmasının yolverilməzliyi ilə bağlı mövqeni hamı bölüşür. Amma forma və metodlar, hansı taktikanın seçilməsində ciddi fikir ayrılıqları var. Məqalədə bildirilir ki, hazırda iqtidarın seçki strategiyasının hazırlanması ilə bağlı müzakirələr başlayıb. Hökumət indidən bir sıra prinsipial qərarlar qəbul etməyə hazırlaşır. Onlar əsasən deputatlığa mümkün namizədlərin ilkin siyahısı, «oyundankənar» vəziyyətdə saxlanılacaq fiqurların sırasının dəqiqləşdirilməsi, maliyyələşmə, konkret məsələlərin koordinasiyası və müxtəlif sahələrlə bağlı məsul şəxslərin müəyyənləşməsidir.