Gənclər arasında işədüzəltmə mərkəzlərindən narazı qalanlar da var

Səs: Real audio
Blok parlament binası qarşısında piket keçirməyi planlaşdırır Paytaxtda fəaliyyət göstərən işədüzəltmə mərkəzlərinin sayı heç də az deyil. Belə mərkəzlər müraciət edənlər haqqında məlumatı müvafiq işə götürən müəssisəyə, müəssisələrdəki vakant – boş iş yerləri haqqında məlumatı isə işsizlərə təqdim etdiklərini deyirlər.



“Anar” işədüzəltmə firmasının direktoru Rahib Cəfərov deyir ki, müraciət edənlər arasında gənclər çoxluq təşkil edir və əksər hallarda işlə təmin olunurlar.



- Hər 10 nəfərdən 8-ni işlə təmin edə bilirik.



Gənclər arasında isə bu cür mərkəzlərin fəaliyyətindən həm razı, həm də narazı olanlar var.



- Müraciət etdiyim işədüzəltmə mərkəzlərinin mənə təklif etdikləri iş yerləri sənətimə uyğun olmayıb. Ona görə də onların işi məni qane etmir.



- Hazırda çox yaxşı bir işdə işləyirəm. Bu işə düzəlməyimdə işədüzəltmə mərkəzinin çox böyük rolu olub. Onların vasitəsilə bu işi tapmışam. Ona görə də onların fəaliyyətindən razıyam.



- Bu vaxtadək bir neçə işədüzəltmə mərkəzinə müraciət etmişəm. Lakin onların mənə etdikləri təkliflər təhsilimlə üst-üstə düşməyib. Ümumiyyətlə, belə fikirləşirəm ki, işədüzəltmə mərkəzləri yalnız az sayda gənclərin tələblərinə cavab verir.



İqtisadi İnkişaf Assosiasiyasının sədri Orxan Kərimov işədüzəltmə mərkəzlərinin əksər hallarda əhalini aldatdığını deyir.



- Nəinki Azərbaycan, o cümlədən MDB ölkələrinin təcrübəsi göstərir ki, işədüzəltmə mərkəzlərinin qanunla işləməsi və həqiqətən də həmin xidməti göstərməsi bir çox hallarda sual altında olur. Bu cür müəssisələr əksər hallarda müraciət edənləri aldadıblar. Bu sahədə dövlətin optimal və çevik müdaxiləsinə ehtiyac var.



Orxan Kərimov işsiz gənclərə dövlətin və ya kifayət qədər tanınmış şirkətlərin təsis etdikləri qurumlara müraciət etməyi məsləhət görür.



- Dövlətin maliyyələşdirdiyi rəsmi məşğulluq mərkəzi var. Oraya müraciət edib müəyyən arayış almaq olar. Qeyri-dövlət strukturlarından isə tanınmış şirkətlərin nəzdində fəaliyyət göstərən işədüzəltmə mərkəzlərinə müraciət etmək daha məsləhətlidir.