Ekspertlər İranın Azərbaycan siyasətində dəyişiklik gözləmirlər

Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir Ekspertlər Mahmud Əhmədi-Nəjad prezident seçiləndən sonra İranın Azərbaycanla münasibətlərində elə bir dəyişiklik olmayacağını deyirlər.



Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli bu fikirdədir ki, İranda yalnız köklü hakimiyyət dəyişikliyi bu ölkənin Azərbaycanla münasibətlərinə təsir göstərə bilər. Nə qədər ki, bu ölkədə teokratik hökumət var, yalnız kosmetik dəyişmədən danışmaq olar.



Azərbaycanın Qərb və İranla münasibətləri arasında seçimə gəldikdə isə, Xaləddin İbrahimlinin fikrincə, Azərbaycan indi də seçim qarşısındadır, çünki, onunla İranı beynəlxalq münasibətlər konteksində qonşuluqdan başqa bir şey birləşdirmir.



“Ayna” qəzetinin şərhçisi Sədrəddin Soltansa bu fikirdədir ki, Azərbaycanın geosiyasi mövqeyi ona Qərblə İran arasında vasitəçi rolunu oynamağa imkan verir və bu mövqedən istifadə edərək Azərbaycan hər iki tərəfin ona yaxınlaşmasına nail ola bilər.



Amsterdam Universitetində müasir tarix professoru Turac Atabəki də İranda Məhəmməd Xatəminin prezidentliyi dövründə gedən siyasətin davam etdiriləcəyini deyir. Onun fikrincə, fərq odur ki, indi mühafizəkarlar daha fəal olacaqlar. Atabəki İranın Azərbaycana dair siyasətində də yenilik gözləmir.



İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədi-Nəjad bazar günü keçirdiyi mətbuat konfransında İranda yaşayan etnik azlıqlar məsələsinə toxunub. O, deyib:



“Millətin iradəsindən çıxan dövlət saxta siyasi sərhədləri tanımayacaq. Dövlət düşüncə tərzindən, qövmündən, dilindən, səliqəsindən və baxış tərzindən asılı olmayaraq bütün millətin xidmətində olacaq. Dövlət bütün iranlıların, 70 milyonluq əhalinin dövlətidir”.



Azərbaycanlı ekspertlər Mahmud Əhmədi-Nəjadın bu fikrini şübhə altına alırlar.



Politoloq Xaləddin İbrahimli Məhəmməd Xatəminin də İranın prezidenti seçiləndə eyni vədləri verdiyini, ancaq sonradan onlara əməl etmədiyini, İranda yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı yalnız dekorativ dəyişikliklərin olacağını deyir.



“Ayna” qəzetinin şərhçisi Sədrəddin Soltan Mahmud Əhmədi-Nəjadın İranda yaşayan azərbaycanlılarla bağlı iş görməyə cəhd göstərəcəyini deyir. Ancaq Sədrəddin Soltan bu vaxtacan verilən vədlərə baxmayaraq hazırda İranda Azərbaycan dilində bir ibtidai sinfin belə olmamasına diqqət çəkir.



Amsterdam Universitetindən Turac Atabəki İranda etnik məsələnin hökumət üçün mühüm olduğunu, ancaq bu yöndə hansı işlərin görüləcəyini zamanın göstərəcəyini deyir.