Nehrəmdə aksiya keçirildi

Səs: Real audio
Türkiyəyə deportasiya olunmuş Sahib Hüseynov kəndə qaytarılıb İyulun 19-da Naxçıvanın Nehrəm kəndində mitinq keçirildi. Kənd sakinlərinin əsas tələbi Babək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilərək Türkiyəyə deportasiya olunmuş Sahib Hüseynovun kəndə qaytarılması idi.



Aksiyaçıların dediyinə görə, Sahib Hüseynov bir gün əvvəl AXCP-nin yerli təşkilatının sədri Asəf Quliyevlə görüşdüyü üçün həbs edilib. Kəndlilər bildirdilər ki, görüşdə iştirak edən bütün gəncləri polis hədələyib ki, iyulun 26-da Naxçıvanda keçiriləcək mitinqdə iştirak etməsinlər.



Polisin müdaxiləsinə baxmayaraq aksiya gecə saat 3 radələrinədək, yəni, Sahib Hüseynov kəndə qayıdanadək davam etdi.



Cənab Hüseynovun sözlərinə görə, həbs ediləndən sonra bir neçə saat Babək rayon Polis Şöbəsində saxlanıb: «Sonra dörd nəfər mülki geyimli şəxs məni Şərurun Arpaçay ərazisindəki bir dərəyə aparıb möhkəm döydülər. Dedilər ki, Türkiyədən geri qayıtsan, ailən də, sən də məhv olacaqsan. Daha sonra aparıb keçid məntəqəsindən Turkiyəyə keçirdilər».



İyulun 20-də Sahib Hüseynov xəsarət alması ilə bağlı tibbi ekspertizadan keçmək istəsə də, buna nail ola bilməyib. Ancaq o məhkəməyə müraciət edəcəyini bildirir.



Babək rayon Polis Şöbəsinin rəisi Alməmməd Abbasov isə Sahib Hüseynovun həbsi və Muxtar Respublikadan çıxarılması ilə bağlı hər hansı məlumata malik olmadığını deyir.