Elmar Hüseynovun qətli ilə bağlı məhkəmə başladı<p align=`left`><br><br>

Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İyulun 22-də Nizami rayon Məhkəməsində «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən şəxslərə mobil telefon almağa kömək etmiş Turqay Bayramovun məhkəmə prosesi başlandı.



Turqay Bayramov Elmar Hüseynovun qətlində şubhəli sayılan Teymuraz Əliyevin xalası oğludur. İstintaq materiallarında göstərilir ki, qətl zamanı istifadə olunmuş mobil telefonun qeydiyyat sənədini Bayramov imzalayıb. Telefonu alanda isə qətldə şübhəli sayılan Tahir Xubanov da onlarla bir yerdə olub.



Turqay Bayramov ifadəsində göstərdi ki, Tbilisidə yaşayan xalası oğlu Teymuraz Əliyev ona Bakıya iş qurmaq məqsədilə gəldiyini deyib. Sonra mağazaya gedib sözügedən telefonu alıblar. Onların kirayə qaldıqları evə də baş çəkib. Müttəhim xalası oğlunun qətllə bağlı ona heç nə demədiyini və ondan şübhələnmədiyini bildirdi.



Müttəhimin ifadəsinə görə, martın 5-də isə Teymuraz Əliyev Tbilisidən ona zəng vurub Bakıda kirayə qaldığı mənzilin işıq pulunu və açarını ev sahibinə verməyi xahiş edib.



Məhkəmə prosesi şahid ifadələri ilə davam edir.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı binanın girişində qətlə yetirilib. Qətlin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır. Qətldə şubhəli sayılan Teymuraz Əliyevlə Tahir Xubanov axtarışdadır.