5:0. Mütəxəssislər səbəbini araşdırırlar

Səs: Real audio
"Biz Özbəkistanda şahidi olduğumuz hadisələrin təkrarlanmasını istəmirik" Azərbaycan çempionu «Neftçi»nin Belçika təmsilçisi «Anderlext» klubuna 5:0 məğlub olmasını ən müxtəlif səbəblərlə izah edirlər. Bunu təsadüfi hadisələrlə bağlayanlar da var, kompleks səbəblərlə izah edənlər də.



«Neftçi» klubunun vitse-prezidenti Ramin Musayev deyir ki, nə «Arderlext» klubu ilə oyuna, nə də Belçikanın hava şəraitinə hazır ola biliblər.



Ramin Musayev «Neftçi»nin bu mərhələni adlayacağına inamını itirsə də, ümüd edir ki, Bakıdakı təkrar qaşılaşmada 2-3 top fərqilə də olsa məğlubiyyətin əvəzini çıxa biləcəklər.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyə Komitəsinin və «Neftçi»nun keçmiş üzvü İsgəndər Cavadov isə deyir ki, 5:0-lıq məğlubiyyəti nə bir oyuna yaxşı hazırlaşmamaqla, nə də hava şəraiti ilə izah etmək olar. İsgəndər Cavadov yada salır ki, Azərbaycanın futbol üzrə yığma komandası da bir qayda olaraq böyük hesablı məğlubiyyətlərlə üzləşir. Onun sözlərinə görə, bütün bunların səbəbi çox aydındır. İki il əvvəl ölkənin futbol qurumlarının rəhbərliyi dəyişsə də, Azərbaycanda idmanın bu sahəsində real inkişaf yoxdur:



"Zavod tikmək olar, bina tikmək olar. Ancaq futbolun inkişafının başqa yolları var. Azərbaycanda uşaq futbolu yoxdur. Nə klubların, nə də yığmanın bazası var. Ona görə də nəticə elə belə olmalıydı".



Ölkənin bir sıra futbol mütəxəssislərinin qənatinə görə, «Neftçi»yə "Azərneftyağ" İstehsalat Birliyinin sponsorluq etməsi hələ o demək deyil ki, bu klubun bütün maliyyə problemləri öz həllini tapıb. Əksinə, elə klublar var ki, «Neftçi»dən fərqli olaraq şəxsi imkanlar hesabına qat-qat bahalı transferlər həyata keçiriblər. Elə həmin mütəxəssislər bir neçə ay əvvəl «Neftçi»nin bir neçə əsas oyunçusunun Lənkəranın «Xəzər» klubuna keçid etməsini də maliyyə problemləri ilə izah edirlər. Hərçənd klubunun vitse-prezidenti Ramin Musayev bu izahatla razı deyil:



"Həmin oyunçuların ürəyi başqa klublarda idisə, biz onları saxlaya bilməzdik. Onların yerinə daha güclü oyunçular gəlib".



Ramin Musayev deyir ki, 5:0-lıq məğlubiyyət heç də «Neftçi»nin son vaxtlar zəiflədiyinin göstəricisi deyil.



Ötən ay «Neftçi» klubundan «Xəzər» klubuna keçən Mahmud Qurbanovsa baş verənlərə birmənalı münəsibət bəsləmir. Onun sözlərinə görə, «Anderlext» klubu güclü olduğundan «Neftçi»nin rəqib meydançasında məğlubiyyəti qaçılmazdı. Bununla belə, o hesab edir ki, «Neftçi»dən yığma komandanın bir neçə oyunçusunun getməsinin də bu məğlubiyyətdə payı var:



"Düzdür əvəzedilməz oyunçu yoxdur. Ancaq bu aylar «Neftçi»dən bir çox oyunçular getdi ki, onlar yığmada təmsil olunurdular və onların yerinə gələn legionerlər heç də bu boşluğu doldura bilmədilər".



Mahmud Qurbanov deyir ki, hər bir futbolçunu maddi məsələlər də düşündürür. Onlara əgər başqa klublarda daha çox pul verirlərsə, onda öz klublarını tərk etmək məcburiyyəti qarşısında qalırlar. Çünki, futbolçu da insandır, onun da maddi problemləri var.