Bölgələrdə mitinq üçün yer seçə bilmirlər

Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Son vaxtlar rayonlarda mitinqlərin keçirilməsi yox, daha çox onların harada keçirilməsi məsələsi problem yaradır.



Paytaxtda bu məsələdə iqtidarla müxalifətin kompromisə gəlməsi üçün variant var. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti müxalifətin şəhərin mərkəzində mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verməsə də, aksiyanın Motodromda keçirilməsini təklif edir. Müxalifət təklifi qəbul etmədikdə isə müzakirələr nəticəsində hər iki tərəf kompromis variant kimi keçmiş «Qələbə» meydanının üzərində dayanır.



Rayonlarda isə vəziyyət fərqlidir. Bir sıra rayonlarda mitinqlər normal keçsə də, digərlərində qarşıdurma baş verir. Səbəbini araşdırarkən isə aydın olur ki, yerli hakimiyyət orqanları ilə müxalifət mitinqin üçün yerin seçilməsi məsələsində razılığa gələ bilmirlər.



Müsavat partiyası Sabirabad rayon təşkilatının sədri Tahir Fərəcli deyir ki, ötən mitinq zamanı Saatlı və İmişli rayonlarında müxalifətə mərkəzi meydanları veriblər. Ancaq Sabirabadda belə olmadı. Əvvəlcə rayon icra hakimiyyətindən onlara "yox" deyilməsə də, sonradan məlum olub ki, rayon rəhbərliyi müxalifətin təklifini qəbul etməyib.



Tahir Fərəcli deyir ki, onlar öz müraciətlərində mərkəzi meydandan əlavə 3 ünvan göstəriblər. Ancaq rayon rəhbərliyi bunların heç birinə razı olmayıb. Onun sözlərinə görə, «Azadlıq» bloku avqustun 13-də yürüş-mitinq keçirmək məqsədilə rayon rəhbərliyinə müraciət etmək fikrindədir. Onlar yer məsələsinin problemə çevrilməməsi üçün müraciətə əlavə marşrutlar da daxil edəcəklər.



Sabirabad rayon İcra Hakimiyyəti ictimai–siyasi şöbənin müdiri İlham Əsgərov isə deyir ki, vətəndaşların sərbəst toplaşma azadlığı haqqında qanuna uyğun olaraq, rayonda müxalifətin kütləvi aksiyalar keçirməsi üçün şəhər stadionunda hər cür şərait yaradılıb.



İlham Əsgərov qeyd edir ki, icra hakimiyyəti müxalifətə bir neçə yer təklif edir. Hətta şəhərin mərkəzindəki yaşayış binalarının arasında olan əlverişli yerlər də müxalifəti qane etmir. Onlar icra hakimiyyətinin qarşısını tələb edirlər. Nəticədə heç bir razılıq əldə edilmir.



«Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyevsə deyir ki, məkan seçimi ilə bağlı problem əslində hakimiyyətin mitinqlərin keçirilməsini əngəlləmək üçün ortaya atdığı bəhanədir. Yerli icra hakimiyyətləri insanların mitinqlərə getməməsi üçün polis işçiləri və maşınlarla yolları kəsirlər, hətta xəndəklər qazırlar. Bir sözlə, müxalifətin güclənməməsi, seçicilərin fəallığının artmaması üçün hər cür üsula əl atırlar.



Zəfər Quliyevin sözlərinə görə, bu məsələdə ikinci əsas amil hakimiyyətin özünün yekdil olmamasıdır. O deyir ki, hakimiyyətdə vahid mövqenin olmaması, daxildə hərcmərcliyin günbəgün güclənməsi rayonlarda mitinqlərlə bağlı situasiyanın da fərqlənməsinə səbəb olur. Ona görə də rayonların bir qismində mitinqlərin keçirilməsinə ardıcıl olaraq icazə verildiyi halda digərlərində bunun qarşısı alınır.