Ruslan Bəşirli - proseslər hara gedir?

Səs: Real audio
«Ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır» Seçkilərə qalan vaxt nə qədər azalırsa, hakimiyyətlə müxalifətin münasibətləri bir o qədər gərginləşir.



Ruslan Bəşirli əhvalatı ilə buna artıq siyasətdən uzaq olan insanları da qatırlar. Elə gün olmur ki, AXCP qarşısında müxtəlif əqidəli adamlar üz-üzə dayanmasın, hətta toqquşmalar olur.



Mütəxəssislər Ruslan Bəşirlinin hərəkətlərindən sonra baş verənləri ölkə siyasətində gedən proseslərin məntiqi nəticəsi adlandırırlar. Ancaq bütün bunların hansı səbəbdən baş verməsi məsələsində fikirlər müxtəlifdir.



YAP–dan olan millət vəkili Rəbiyyət Aslanova deyir ki, hazırda cəmiyyətdə çoxpartiyalı sistemin öz ömrünü başa vuraraq yavaş–yavaş azpartiyalı sistemə kiçmə prosesi baş verir. Bu, artıq öz fəaliyyətini başa vurmaqda olan partiyaların yekun nəticəsidir və digərlərini də belə aqibət gözləyir.



Rəbiyyət Aslanovanın sözlərinə görə, vaxtlı-vaxtında cəmiyyətə yeni liderlər, perspektivli gənclər təqdim etmək iqtidarında olmayan bu partiyaların fəaliyyətinin vətəndaşları qəzəbləndirməsi təbiidir. Bu baxımdan, vətəndaşların son günlər AXCP-nin qərargahı qarşısında etiraz aksiyaları keçirmələrində də qeyri–adi bir şey yoxdur. İnsanlar bu partiyadan və onun lideri Əli Kərimlidən öz suallarına cavab almaq istəyirlər.



Millət vəkili deyir ki, AXCP artıq içəridən parçalanır və onun başında dayanan şəxs bunu etiraf etməlidir. Belə olan halda vəziyyət də normallaşar. Rəbiyyət Aslanova baş verənlərin cəmiyyətdə hər hansı qarşıdurma yaradacağına inanmır.



Müsavat partiyasının divan üzvü, politoloq Rasim Musabəyovun sözlərinə görə isə, Ruslan Bəşirli ilə əlaqədar baş verənlər onu göstərir ki, Azərbaycanda seçkiqabağı mühiti siyasi rəqabətdən qarşıdurmaya çəkmək meylləri var. Bu isə təhlükəlidir.



O deyir ki, hakimiyyətdəki bəzi qüvvələr və özünü müxalifət adlandıran bir sıra siyasi qurumlar seçkilərin demokratik keçəcəyindən narahatdırlar. Ona görə də belələri vəziyyəti ənənəvi qarşıdurma həddinə gətirib çıxarmaqla parlamentə düşmək şansı qazanmağa çalışırlar.



Cənab Musabəyovun fikrincə, bütün bunların nəticəsində Azərbaycan həm Avropa Şurasından, həm də milli məsələlərin həllində, Dağlıq Qarabağ kimi milli problemin nizamlanmasında beynəlxalq dəstəkdən məhrum ola bilər.



Azərbaycan Kommunist partiyası sədrinin müavini, millət vəkili Rauf Qurbanovsa hesab edir ki, AXCP ilə bağlı baş verən son insidentlər bu partiyanın 1990-ci ildən bəri göstərdiyi fəaliyyətin məntiqi davamıdır. Onun sözlərinə görə, AXCP Heydər Əliyevin dünyasını dəyişməsindən istifadə edib siyasi arenada nəsə dəyişikliklər etmək istəyir. Bunu hazırda baş verənlər də təsdiqləyir. Ancaq xalq belə xəyanətləri bağışlamadığı üçün bu partiya siyasi arenadan getməlidir.



Rauf Qurbanov deyir ki, AXCP əlində olan informasiya vasitələrində bu işə haqq qazandırdıqca, xalq daha da qəzəblənir, vəziyyət bir qədər də gərginləşir. Ona görə də vəziyyəti normallaşdırmaq üçün partiya buraxılmalıdır. Əks təqdirdə, acıqlanmış kütlənin nələr törədəcəyini heç kim proqnozlaşdıra bilməz.



AXCP-dən olan millət vəkili Cəmil Həsənlinin fikrincə isə, vəziyyətin belə hal almasında hakimiyyət maraqlıdır.



O deyir ki, hökumət ölkədə "idarə olunan xaos" yaratmaq istəyir. Ancaq həmin xaos çox asanlıqla idarəolunmaz məcraya yönələ bilər. İqtidar bunu nəzərə almalıdır. Əks təqdirdə, ölkədə dərin bir böhran yarana bilər.



Ana Vətən partiyasının sədri Fəzail Ağamalının qənaətincə, nə qədər ki, hüquq-mühafizə orqanları AXCP-nin fəaliyyətini araşdırıb ona hüquqi qiymət verməyiblər, vətəndaşların