Elmar Hüseynovun qətlində şübhəli bilinən daha bir nəfər müəyyən edilib

Səs: Real audio
Baş prokuror Zakir Qaralov həmin adamın adını açıqlamır «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Baş prokuror Zakir Qaralovun verdiyi məlumata görə, bunu istintaq qrupunun üzvləri Gürcüstanda olarkən aşkarlayıblar. Ancaq cənab Qaralov həmin adamın adını açıqlamadı.



O, iş üzrə şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin öldürülməsi barədə yerli mediada yayılan məlumatları təkzib edir: «Bəlkə onların meyidini görən, yaslarında iştirak edənlər var?! Tahir Xubanovun atası və həyat yoldaşı Bakıda yaşayır. Bu, həqiqətə uyğun olmayan məlumatdır».



Baş prokuror bildirir ki, istintaq qrupunun Gürcüstan səfərinin nəticələri çox müsbətdir: «Həm Tahir Xubanov, həm Teymuraz Əliyev, həm də qətlin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb olunacaq. Onlar tutulandan sonra Azərbaycana ekstradisiya ediləcəklər».



Cənab Qaralovun dediyinə görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi istintaqın gedişiylə bağlı yaxın vaxtlarda yenidən Azərbaycana gələcək.



Qətli araşdıran İctimai Təhqiqat Qrupunun üzvü Şahbaz Xuduoğlu isə istintaqı sürətləndirmək üçün beynəlxalq mütəxəssislər dəvət etdiklərini bildirir: «Onların gəlişi sentyabra planlaşdırılır».



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı mənzilin girişində qətlə yetirilib.