«Yanvarın 1-dən yeni pensiya sisteminə keçilir»

Səs: Real audio
Artıq iddia ərizəsi hazırdır «525-ci qəzet»dəki «Azərbaycan yanvarın 1-dən yeni pensiya sisteminə keçir» başlıqlı məqalədə Rəşad Süleymanov yazır ki, ilin sonuna kimi 1 milyon 500 min nəfərə sosial sığırta şəhadətnaməsi veriləcək. Məqalədə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümova istinadən bildirilir ki, bu ilin yanvar - iyul ayları ərzində fondun gəlirləri 1 trilyon manatdan çox olub. Bu, nəzərdə tutulan 7 aylıq proqnozdan 4 milyard manat çoxdur. Məqalədə bildirilir ki, məbləğin xeyli hissəsini məcburi dövlət sosial sığrota ödəmələri təşkil edir.



«Yeni Müsavat» qəzetindəki «Fərhad Əliyevin həyatına təhlükə var» başlıqlı məqalədə Təbriz Cəfər yazır ki, İqtisadi İnkişaf naziri öldürülə biləcəyi haqda məlumat verib. O, deyib ki, buna baxmayaraq geri çəkilmək niyyəti yoxdur. Məqalədə bildirilir ki, bu məlumat o qədər ciddi xarakter daşıyır ki, hətta cənab Əliyev mətbuat qarşısında belə bir açıqlama ilə çıxış etmək qərarına gəlib. Müəllif yazır ki, Fərhad Əliyev özünə qarşı təhlükə yaradan şəxslərin hakimiyyət dairələrindən olduğunu da gizlətmir. Bu isə bir daha onu göstərir ki, hakim komandada kriminal xarakterli əməllərdən çəkinməyən şəxslərin olması barədə qeyri-rəsmi məlumatlar həqiqətə çox yaxındır.



«Yeni Azərbaycan» qəzetindəki «Özbəkistan Amerikaya meydan oxuyur» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, ölkə parlamenti ABŞ hərbi bazalarının ölkədən çıxarılması haqda qərarı təsdiqləyib. Məqalədə bildirilir ki, bu proses 6 ay ərzində tam yekunlaşmalıdır. Müəllif yazır ki, 1992 və 2002-ci illərdə ABŞ Dövlət Departamenti demokratik quruculuq üçün 440 milyon dollar vəsait sərf edib. Amma buna baxmayaraq Birləşmiş Ştatların siyasəti Özbəkistan üçün heç də ürəkaçan olmayıb və son Əndican hadisələri münasibətlərin pozulmasında son nöqtəni qoyub.