Şimali Kipr vətəndaşları vizasız gedib-gələcəklər<p align=`left`><br><br>

Səs: Real audio
Sərdar Denktaş: «Bu səfərdən sonra Cənubi Kipr və Yunanıstanın Azərbaycana basqıları yenidən başlayacaq və son dərəcə güclənəcək» Tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) vətəndaşları öz pasportları ilə Azərbaycana səfər edə biləcəklər. Onlardan viza tələb edilməyəcək.



Şimali Kiprin Xarici İşlər naziri Sərdar Denktaş avqustun 31-də Bakıda keçirdiyi mətbuat konfransında belə dedi. Onun sözlərinə görə, bu məsələ artıq prezident İlham Əliyevlə müzakirə edilib. O, ŞKTC-nin Bakıdakı Nümayəndəliyinin genişləndiriləcəyini və yeni binaya köçürüləcəyini də bildirdi.



Sərdar Denktaş: «Şimali Kipr nümayəndə heyətinin bu səfərindən sonra Cənubi Kipr və Yunanıstanın Azərbaycana basqıları yenidən başlayacaq və son dərəcə güclənəcək. Ancaq Azərbaycan əvvəlki kimi yenə də onların cavabını verərək bütün dünyaya örnək olacaq».



Şimali Kiprin keçmiş prezidenti Rauf Denktaş və onun oğlu, Xarici İşlər naziri Sərdar Denktaşın başçılıq etdiyi nümayəndə heyəti Bakıya avqustun 29-da gəlib. Onların Azərbaycanda olduğu üç gün ərzində tərəflər arasında bank, sığorta, türizm, tikinti və digər sahələrdə əməkdaşlıqla bağlı beş protokol imzalanıb.



Avqustun 31-də həmçinin Rauf Denktaşa Azərbaycan Beynəlxalq Universitetinin fəxri doktoru adı verilib. Şimali Kiprin keçmiş prezidenti sahibkarlar qarşısında çıxışı zamanı ölkəsinin blokadadan çıxmasına şərait yaratdığı üçün Azərbaycan prezidentinə minnətdarlığını bildirib.