«...et!» yazılmış vərəqələr paylayana 10 sutka verildi

Səs: Real audio
«Yeni Fikir»çilərin aclıq aksiyasını hazırda beş nəfər davam etdirir Sentyabrın 1-də «Son», «Yeni Fikir», «Məqam», «Çağrı» gənclər hərəkatlarının, Müsavat, ADP və AXCP-nin gənclər təşkilatlarının üzvləri Bakıda «...et!» yazılmış vərəqələr paylayıblar. Aksiya zamanı «Yeni Fikir»in üzvü Vüqar Mehdiyev polis zorakılığına məruz qalıb.



Axşam saatlarında isə o polis tərəfindən saxlanıb və Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində 10 sutka müddətinə həbs cəzası seçilib.



Bunu sözügedən təşkilatın sədr müavini Səid Nuriyev deyir.



Bakı Şəhər Baş Polis İdarəsindən Vüqar Mehdiyevin döyülməsi ilə bağlı hər hansı məlumata malik olmadıqlarını deyirlər.



Səid Nuriyev həmçinin qurum fəallarının avqustun 31-də başlayan aclıq aksiyasını hazırda beş nəfərin davam etdirdiyini bildirir.



Aclıq edənlər bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq həbs edilən «Yeni Fikir»in sədri Ruslan Bəşirlinin azad olunmasını və təşkilat üzvlərinə qarşı təzyiqlərə son qoyulmasını tələb edirlər.