Gələn il maaşların 25 faiz artırılacağı gözlənilir

Səs: Real audio
Maliyyə naziri Əvəz Ələkbərov 2006-cı ilin büdcəsində 1 barrel xam neftdən gələcək gəlirin 40 dollardan hesablanacağını deyir «Gələn il dövlət büdcəsinin bu ilkindən 50 faiz çox olacağı gözlənilir». Maliyyə naziri Əvəz Ələkbərov bu fikirdədi. Onun sözlərinə görə, gələn ilin büdcə layihələri bir həftədən sonra Nazirlər Kabinetinə təqdim olunacaq: «Bura dövlət büdcəsi, sosial-müdafiə fondunun layihəsi və neft fondunun büdcəsi daxil ediləcək. Dövlət büdcəsinin gəlir hissəsi 3 milyard 400 milyon, xərclər hissəsi isə 3 milyard 500 milyon dollar nəzərdə tutulub».



O, neftdən gələn gəlirin təxminən 300 milyon dollarının sosial xərclərə yönəldiləcəyini bildirir.



Nazir 2006-cı ilin büdcəsində 1 barrel xam neftdən gələcək gəlirin 40 dollardan hesablanacağını da deyir.



Cənab Ələkbərovun sözlərinə görə, gələn il maaşların daha 25 faiz artırılacağı gözlənilir.



2005-ci ilin təsdiq olunan və hazırda icra olunan büdcəsi 2 milyard 200 milyon dollara yaxındır.