Prezident cənub bölgəsinə səfər edəcək

Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Sentyabrın 8-də prezident İlham Əliyev cənub bölgəsinə səfər edəcək. Dövlət başçısının Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarına baş çəkəcəyi gözlənilir. Bu barədə «Azadlıq» radiosuna Prezident Aparatından məlumat veriblər.



Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Məhərrəm Quliyevin sözlərinə görə, cənab Əliyev səfər çərçivəsində sabiq prezident Heydər Əliyevin heykəlinin açılış mərasimində iştirak edəcək: «Bundan başqa dövlət başçısı dəniz limanı və vergi idarəsi binasının açılışına qatılacaq, Lənkəran aeroportunun təməlqoyma mərasimində iştirak edəcək. Prezident Lənkəran diaqnostika mərkəzinin və süd kombinatının tikintisi ilə tanış olacaq, «Hirkan» milli parkının açılışına qatılacaq».



Astara Rayon İcra Hakimiyyətindən «Azəripress» Agentliyinə verilən məlumata görə isə İlham Əliyev qaz-kompressor stansiyasının açılış mərasimində iştirak edəcək, Lerik-Lənkəran yolunun, eləcə də kərpic-qravel zavodunun açılışına qatılacaq.



Cənub bölgəsinə səfər zamanı İlham Əliyevi xanımı, «Heydər Əliyev Fondu»nun prezidenti Mehriban Əliyeva da müşayiət edəcək. O, fondun hesabına cənub bölgəsində tikilən bir neçə məktəbin açılış mərasiminə qatılacaq.