Seçkiqabağı 80 dollarlıq təşviqat

Səs: Real audio
Son məlumatlara görə, qeydiyyata alınan namizədlərin sayı iki min nəfəri keçib Mərkəzi Seçki Komissiyası [MSK] sentyabrın 7-də deputatlığa namizədlərin təşviqat mərhələsində iştirakına dair təlimat qəbul edib.



MSK katibi Natiq Məmmədovun sözlərinə görə, təlimatda deyilir ki, əgər bir blok və ya bir partiyanın 60-dan çox dairədə namizədi qeydə alınıbsa, o, ölkə ərəzisinin yarısından çoxuna yayımlanan telekanallarda pulsuz efir müddəti almaq imkanı əldə edir.



Natiq Məmmədov qeyd edir ki, bu, dövlət hesabına maliyyələşən telekanallara aiddir. Bu zaman efir müddəti həftədə 3 saatdan az olmamalıdır. Həmin 3 saat bütün subyektlər arasında bərabər bölünür.



MSK katibinin sözlərinə görə, əgər bir blok və ya partiyanın 60-dan az namizədi qeydə alınıbsa, o, yalnız ölkə ərazisinin yarısından azına yayımlanan telekanallarda pulsuz efir müddəti alır. Eyni qayda mətbuat orqanlarına da şamil edilir.



Natiq Məmmədov bildirir ki, heç bir blok və partiyada təmsil olunmayan bitərəf namizədlər isə yalnız qeydə alındıqları ərazinin kütləvi informasiya vəsitələrində yayım hüququ ala bilərlər. Ancaq hər bir namizəd, o cümlədən bitərəflər pullu efir müddəti almaq hüququnu özlərində saxlayırlar.



Dövlət namizədlərə təbliğat üçün ümumilikdə 750 milyon manat vəsait ayırıb. Sentyabrın 7-si günün birinci yarısına olan məlumata görə, namizədlərin sayı 2059 nəfərdir. Deməli, bir namizədə təqribən 370 min manat – 80 Amerika Birləşmiş Ştatları dollarına yaxın vasəit düşür.



«Zerkalo» qəzetinin şərhçisi, bitərəf namizəd Rauf Mirqədirov deyir ki, bu vəsaitlə arzu edilən təbliğatı aparmaq mümkün deyil. Üstəlik, təlimatda sadalanan bütün bu qaydalar onun kimi bitərəf namizədlərin təbliğat imkanlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq:



"Siz YAP-ın siyahısına baxın, orada çoxlu biznes fəaliyyətiylə məşğul olan imkanlı şəxslər var. Onlar istədikləri qədər özlərini reklam etdirə bilərlər. Üstəlik, bu təlimat onlara pulsuz efir müddəti də verəcək".



Rauf Mirqədirovun sözlərinə görə, bir halda ki, Azərbaycanda seçkilər mojaritar qaydada keçirilir, onda partiya və bloklara əlavə üstünlüklərin verilməsi absurdur.



Yeni Azərbaycan partiyasının üzvü Rəbiyyət Aslanova isə hesab edir ki, seçkiyə gedən hər bir namizəd öz imkanlarını yüz ölçüb bir biçməlidir:



"Burda kiminsə narazılığına əsas yoxdur. Əslində, bu, bəzi qabaqcıl ölkələrin təcrübəsindən götürülüb".



Ancaq narazılıqlar təkcə təlimatdakı qaydalarla bitmir. Rauf Mirqədirov deyir ki, hakim komandaya yaxınlığıyla seçilən bir çox namizədlər üçün təbliğat kampaniyası çoxdan başlayıb. Həmin şəxslərin qeydə alındığı ərazilərdə müəyyən abadlıq işləri aparılır ki, bundan da seçicilərin əla alınması üçün istifadə edilir:



"Prezident imkan verməməlidir ki, onun rəhbərlik etdiyi partiyadan kimlərsə hökumətin imkanlarından öz xeyri üçün istifadə etsin".



Rauf Mirqədirovun fikrincə, əks halda bütün bu qanunsuzluqlar üzərinə seçkinin demokratik keçiriləcəyi haqda öhdəlik götürən hakimiyyətin fəaliyyətinə kölgə salacaq.



MSK-nın təlimatı yalnız dövlət büdcəsindən maliyyələşən kütləvi informasiya vasitələrinə aiddir. Ötən seçkilər zamanı özəl telekanallar da təşviqat mərhələsində çox yaxından iştirak edirdilər.



İndi ANS televiziyasının efirində 1 dəqiqəlik reklam çarxının qiyməti 1 milyon manatdan 1 milyon 700 min manata qədər dəyişir. Əslində, namizədlər dövlətin onlara ayırdığı vəsaitlə özəl kanallarda heç bir dəqiqəlik vaxt almaq imkanına da milik deyillər.