«YeS» «Azadlıq» bloku ilə əməkdaşlıq sazişini rədd edir

Səs: Real audio
Əli Kərimli iki blok arasında narazılıqların olmasından təəssüflənir Bir qrup partiya və müstəqil şəxsin yaratdığı «Yeni Siyasət» («YeS») seçki bloku ADP, Müsavat və AXCP-nin daxil olduğu «Azadlıq» blokunun təklif etdiyi əməkdaşlıq sazişinin layihəsini qəbul etməyib. Artıq «YeS»in Koordinasiya Şurası yeni saziş layihəsi üzərində işləyir. Məlumatı «Azadlıq» radiosuna sözügedən blokun həmtəsisçisi Eldar Namazov verdi.



«YeS»-in üzvlərindən olan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə «Azadlıq» bloku ilə əməkdaşlığın əleyhinədir.



AXCP-nin sədri Əli Kərimli «Azadlıq» və «YeS»-in əməkdaşlığı ilə bağlı belə narazılıqların olmasından təəssüflənir. O, «YeS»in yeni arqumentlərini dinləməyə hazır olduqlarını söyləyir.



«Adam» Sosioloji Sorğu Mərkəzinin rəhbəri Rüfət Qaragözov isə deyir ki, müxalifət düşərgəsində olan iki blokun vahid məqsəd üçün əməkdaşlıq etməsi yaxşı olardı: «Ancaq bu siyasətçilər arasında nəinki siyasi, həm də şəxsi münasibətləri normaya salmaq çox müşkül məsələdir»



«Azadlıq» blokunun «YeS»ə göndərdiyi əməkdaşlıq sazişi layihəsində «azad və ədalətli seçkilər uğrunda mübarizənin əlaqələndirilməsi, seçki saxtakarlığına qarşı birgə mübarizənin təşkil edilməsi və s.» nəzərdə tutulur.