Meriya şəhərin mərkəzində mitinqə icazə vermir

Səs: Real audio
Müxalifətsə fikrindən dönmək niyyətində deyil Bakı şəhər İcra Hakimiyyəti «Azadlıq» blokunun sentyabrın 25-nə təyin edilən aksiyasına razılıq verib. Ancaq təklif olunan marşrutlardan heç birini münasib bilməyən meriya bloka yenə də şəhərin ucqar ərazilərini təklif edib.



Bakı şəhər İcra Hakimiyyətində şöbə müdiri Zaur Ramazanovun sözlərinə görə, «Azadlıq» bloku ya yenə də keçmiş «Qələbə» meydanınını, ya da Motodrom və "Azərneftyağ" İstehsalat Birliyinin stadionunu seçməlidir.



«Azadlıq» blokuna daxil olan Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu deyir ki, icra hakimiyyətinə göndərilən xəbərdarlıq məktubunda onlar aksiyanın yeri kimi şəhərin əsasən mərkəzi və mərkəzə yaxın ərazilərində 6 meydanın adını göstərmişdilər. Bakı şəhər İcra Hakimiyyətinin bu cavabından sonra da qərarlarını dəyişmək niyyətində deyillər.



Daxili işlər naziri Ramil Usubov isə deyir ki, əgər «Azadlıq» bloku ona təklif olunan marşrutlardan kənarda icazəsiz mitinqə cəhd göstərsə, buna imkan verilməyəcək.



Bakı şəhər İcra Hakimiyyəti sentyabrın 24-nə mitinq təyin edən Milli Demokrat partiyasının [MDP] müraciətinə də cavab verib. Xəbərdarlıq məktubunda aksiyanın yeri kimi keçmiş «Qələbə» meydanını göstərən MDP ilə şəhər rəhbərliyi arasında heç bir fikir ayrılığı yaranmayıb.



MDP sədri İsgəndər Həmidov deyir ki, aksiyada əsasən seçki prosesində baş verən qanunsuzluqlara etiraz ediləcək.