Manatın denominasiyasının ilkin mərhələsi başlanıb

Səs: Real audio
İkili qiymətləri göstərməyən fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar Oktyabrın 1-dən etibarən Azərbaycanda milli valyutanın – manatın denominasiyasının ilkin mərhələsinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmanı ilə oktyabrın 1-dən etibarən satışda olan malların üzərində, qiymət kağızlarında və əhaliyə göstərilən xidmətlərə və işlərə görə qiymət cədvəllərində qiymətlər və taariflər eyni zamanda köhnə və yeni miqyasda göstərilməlidir.



Manatın denominasiyasının ikinci mərhələsi 2006-cı il yanvarın 1-dən həyata keçiriləcək və həmin vaxt yeni bir manat köhnə beş min manata bərabər olacaq (İndiki kursla 1 manat 1,1 dollar olacaq). 1000 manat dəyərində olan çorəyin yeni manatla qiyməti 20 qəpik, nəqliyyatda 500 manatlıq gediş haqqı 10 qəpik, 1800 manata olan 1 litr Aİ-93 markalı benzinin qiyməti isə 36 qəpikdir.



Malların və xidmətlərin üzərində ikili qiymətləri göstərməyən təsərrüfat subyektləri, fiziki və hüquqi şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.



Milli Bankın Mətbuat Xidmətinin məlumatına görə, yeni qiymətlər hesablanarkən qəpiyin kəsr hissəsi əmələ gəldikdə tam qəpiyədək yuvarlaqlaşdırılmalıdır. Əgər qəpiyin kəsr hissəsi yarım qəpikdən az olarsa, məbləğ tam qəpiyədək azaldılmalı, bu hissə yarım qəpiyə bərabər və daha çox olduqda isə məbləğ tam qəpiyədək artırılmalıdır. Məsələn, əgər hər hansı malın və ya xidmətin qiyməti 53,4 qəpikdirsə, bu zaman qiymət 53 qəpik, yaxud 53,6 qəpikdirsə, 54 qəpik kimi göstərilməlidir.