Prezident icazəsiz aksiyalara yol verilməyəcəyini deyir<p align=`left`><br><br>

Səs: Real audio
İlham Əliyev 2006-cı ilin sonuna qədər ölkənin enerji probleminin aradan qaldırılacağını bildirir «Deputatlığa namizədlər qanun çərçivəsində öz təbliğatlarını apara bilərlər. Ancaq qeyri-qanuni təbliğat vasitələrinə, icazə verilməyən yerlərdə hər hansı tədbirlərin keçirilməsinə yol verilməyəcək, bunun qarşısı alınacaq».



Oktyabrın 6-da Kürdəmir rayonunda keçmiş dövlət başçısı Heydər Əliyevə qoyulmuş abidə-muzey kompleksinin açılış mərasimində prezident İlham Əliyev belə söylədi. O, rayon əhalisi qarşısında çıxışında dedi ki, qarşıdan gələn parlament seçkisi ölkə üçün böyük əhəmiyyət daşıyır: «Seçkinin azad və ədalətli keçməsi üçün Seçki Məcəlləsi və 11 may tarixli sərəncam kifayət qədər şərait yaradır».



Dövlət başçısı bildirdi ki, icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxiləsi yolverilməzdir. O, deputatlığa namizədlər üçün bərabər şərait yaradıldığını söylədi.



Prezident hərbi xərclərin 600 milyon dollara çatdırıldığını, dövlət büdcəsinin isə 2006-cı ildə dörd milyard dollara yaxın olacağını vurğuladı. Cənab Əliyev 2008-ci ildə beş il ərzində gördüyü işlər barəsində xalqa hesabat verəcəyini də sözlərinə əlavə etdi.



Prezident Kürdəmirdə həmçinin Olimpiya Kompleksinin təməlqoyma mərasiminə qatıldı, klinik-diaqnostika mərkəzinə baş çəkdi.



2003-cü ildən indiyə qədər prezident ölkə rayonlarına 50- dən çox belə səfər edib.